×

Xəbərlər

Xəbərlər 14 Oct 2025
ADNSU əməkdaşları “TCS” şirkətində sənaye təcrübə proqramında iştirak ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrasının professor-müəllim heyəti oktyabrın 11-də “TCS” şirkətinin Güzdək qəsəbəsində yerləşən poliqonunda sənaye təcrübə proqramında iştirak ediblər.

Proqram zamanı şirkətin qurucusu və rəhbəri Anar Məlikov qonaqlara “TCS” şirkətinin yaranması, fəaliyyət istiqamətləri və gördüyü işlər barədə ətraflı məlumat verib. O, ADNSU nümayəndələrini müasir tələblərə cavab verən təlim və istehsalat sahələri ilə tanış edib.

Təlim sahəsində kafedranın əməkdaşlarına estakada qurğuları və mexaniki avadanlıqlar nümayiş olunub, qapalı məkanlarda və hündürlükdə işlərin aparılması prosesi praktiki şəkildə izah edilib. Həmçinin, quru və dəniz şəraitində yüklərin daşınması və qaldırılıb-endirilməsi qaydaları barədə təcrübi biliklər verilib.

Anar Məlikov əməkdaşlara təhlükə potensialı olan obyektlərdə odlu işlərin görülməsi, qaynaq prosesi, sıxılmış və mayeləşdirilmiş qaz balonları ilə təhlükəsiz işləmə qaydaları barədə məlumat verib. Təlim zamanı bu proseslərin təhlükəsizlik tələbləri praktik şəkildə nümayiş etdirilib.

Daha sonra ADNSU nümayəndələri şirkətin istehsalat sahəsinə baxış keçiriblər. Şirkət rəhbəri bildirib ki, “TCS” əsasən SOCAR və BP-nin sifarişləri əsasında təhlükəsizlik vasitələrinin istehsalı və avadanlıqların diaqnostikası sahəsində mühüm layihələr həyata keçirir.

Sonda “TCS” şirkətinin rəhbəri Anar Məlikov və ADNSU-nun kafedra müdiri, professor Sakit Rəsulov gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Professor Sakit Rəsulov kafedranın kollektivi adından yaradılan şəraitə və göstərilən diqqətə görə təşəkkürünü bildirib.


Paylaş