Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Rəqəmsallaşdırma Departamentinin startap və texnoloji transfer ofisinin müdiri, Kompüter mühəndisliyi kafedrasının baş müəllimi Əhməd Əhmədzadə Bolqarıstanın Varna şəhərində keçirilən “International Conference Automatics and Informatics (ICAI 2025)” beynəlxalq elmi konfransında iştirak edib.
Konfrans Technical University of Varna tərəfindən IEEE (Institute of Electrical and Electronics Engineers) təşkilatının dəstəyi ilə təşkil olunub. Tədbirdə müxtəlif ölkələrdən gəlmiş alimlər, tədqiqatçılar və mühəndislər avtomatika, informatika və süni intellekt sahəsində son yeniliklər barədə təqdimatlarla çıxış ediblər.
Əhməd Əhmədzadə konfransda “Modeling of the Innovation Construction Mobile Industrial Robot Applied in Technology Park” adlı elmi məqalə ilə çıxış edib. Tədqiqat sənaye parklarında istehsalat proseslərinin avtomatlaşdırılması üçün innovativ mobil sənaye robotunun modelləşdirilməsini və intellektual idarəetmə mexanizmlərinin tətbiqini nəzərdə tutur.
Məqalədə istehsal müəssisələrində məhsul və tullantıların daşınmasını avtomatlaşdırmaq məqsədilə 3D modelləşdirmə, məntiqi idarəetmə alqoritmləri və süni intellekt əsaslı optimallaşdırma (A Algorithm)* üsullarından istifadə edilib. Tədqiqatın nəticələri sənaye müəssisələrinin rəqəmsallaşdırılması və istehsal səmərəliliyinin artırılmasına töhfə verir.
Qəbul olunmuş məqalə IEEE Xplore Rəqəmsal kitabxanasında dərc ediləcək və SCOPUS verilənlər bazasında indeksləşdiriləcək.
Səfər çərçivəsində ADNSU nümayəndəsi beynəlxalq elmi ictimaiyyətlə müzakirələr aparıb və potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi edib.