Oktyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Suveren Tariximizin Müstəqillik Yolu” adlı tədbir keçirilib.
Tədbir iştiakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin universitetdə ucaldılan büstü önünə əklil qoyub xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov xalqımızın azadlıq və suverenlik iradəsinin simvolu olan 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün Azərbaycan xalqının tarixində ən qürurlu və yadda qalan səhifələrdən biri olduğunu qeyd edərək müstəqilliyin tarixi və mənəvi əhəmiyyətindən danışıb. Dövlət müstəqilliyimizin sarsılmaz kökləri olduğunu qeyd edən rektor Rüfət Əzizov Azərbaycanın bugünkü inkişaf yolunun Ulu Öndərin Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən yüksək siyasi bacarıqla davam etdirilməsinin nəticəsi olduğunu vurğulayıb. Bu gün müstəqilliyimizin qorunması və möhkəmləndirilməsində hər bir vətəndaşın, xüsusilə də gənc nəslin böyük məsuliyyət daşıdığını deyən rektor Rüfət Əzizov ADNSU-da gənclərin milli ruhda, elmi biliklərə və müasir dünyagörüşünə malik mütəxəssislər kimi yetişməsinə böyük önəm verildiyini bildirib və hər kəsi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Çıxış edənlər - Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor, tibb elmləri doktoru, Əməkdar elm xadimi Vaqif Şadlinski, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov Azərbaycanın müstəqillik yolunda keçdiyi tarixi mərhələlərin, həmçinin 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsinin əhəmiyyətini vurğulayıblar. Çıxışlarda həmçinin Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizədən, eləcə də ölkə başçısı İlham Əliyevin bu sahədəki uğurlu siyasətindən danışılıb.
Tədbirdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində fəallığı ilə seçilən ADNSU-nun bir qrup tələbəsinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən “Təşəkkürnamə” təqdim olunub.
Sonda ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının təqdimatında “Sarı gəlin” rəqsi nümayiş olunub.