Qazaxıstanın Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetin professorları – Bayamirova Riskol, Jolbasarova Akshyryn və Togasheva Aliya elmi tədqiqat fəaliyyəti çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) üç günlük işgüzar səfərdə olublar.
Səfərin ilk günü qonaqlar Əcnəbi Tələbələrlə İş Şöbəsinin əməkdaşları ilə görüşüb, əcnəbi tələbələrin təhsil prosesi və sosial fəaliyyəti ilə bağlı məlumat alıblar. Ardınca professorlar Kimya-texnologiya və Qaz-neft-mədən fakültələrinin professor-müəllim heyəti ilə görüşərək elmi əməkdaşlıq imkanlarını müzakirə edib fakültələrin müasir laborator avadanlıqları və tədqiqat mühiti ilə yaxından tanış olublar.
Qonaqlar həmçinin, UFAZ-ın tədris laboratoriyaları və binasında olub, burada tətbiq olunan innovativ tədris metodları, elmi laboratoriyalar və qabaqcıl texnologiyalarla tanış olublar.
Səfər müddətində qonaqlar ADNSU-nun rektoru, dosent Rüfət Əzizovla görüşüb iki ali təhsil müəssisəsi arasında gələcək əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Görüşdə həmçinin birgə elmi layihələr, müəllim və tələbə mübadiləsi proqramları, həmçinin birgə konfrans və seminarların təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Səfər səmərəli keçib və hər iki tərəf gələcəkdə elmi əlaqələrin daha da gücləndirilməsi və birgə tədqiqat layihələrinin həyata keçirilməsi barədə qarşılıqlı razılığa gəliblər.