Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup əcnəbi tələbəsi 30-cu Yubiley Xəzər İnşaat Həftəsi – “Caspian Construction Week 2025” çərçivəsində keçirilən sərgidə fəal iştirak ediblər.
Regionun inşaat sektorunda aparıcı sənaye platformalarından biri kimi tanınan və üç gün davam edən sərgi proqramı çərçivəsində iştirakçılar inşaat sahəsində tətbiq olunan ən son texnologiyalarla tanış olub, dayanıqlı inkişaf və azad edilmiş ərazilərin bərpası mövzularında müzakirələr aparıblar.
ADNSU-nun əcnəbi tələbələri “Yaşıl gələcək üçün nəqliyyat: ictimai sistemlərin inkişafı və ekoloji təmiz avtomobillər” adlı panel müzakirəsində dinləyici qismində iştirak edərək ekoloji innovasiyalar və davamlı şəhər nəqliyyatı barədə dəyərli biliklər əldə ediblər.
Qeyd edək ki, tələbələrin bu kimi beynəlxalq tədbirlərdə fəal iştirakı ADNSU-nun xarici tələbələrin Azərbaycanın akademik və peşə mühitinə inteqrasiyasına, eləcə də onların bilik və təcrübələrinin artırılmasına verdiyi önəmi bir daha nümayiş etdirir.