×

Xəbərlər

Xəbərlər 22 Oct 2025
İki Nobel Sülh Mükafatı laureatı ADNSU-da

Xəbər verdiyimiz kimi, oktyabrın 21-dən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “RİSK-2025” - 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb. “İnfrastruktur sistemlərinin risk yönümlü dizaynı və işləməsi: davamlılıq paradiqması” mövzusuna həsr olunan konfransda mühəndislik, energetika, ekosistemlərin idarə olunması, texnoloji risklər və davamlı inkişaf sahələrində fəaliyyət göstərən yerli və beynəlxalq mütəxəssislər iştirak edirlər.

Beynəlxalq səviyyəli qonaqlar arasında iki Nobel Sülh Mükafatı laureatının - professor Svyatoslav Timashev və professor Yelena Nikitinanın iştirakı konfransa xüsusi dəyər qatıb.

Rusiya Elmlər Akademiyasının Ural Federal Universitetinin Elm və Mühəndislik Mərkəzinin rəhbəri, Nobel Sülh Mükafatı laureatı, professor Svyatoslav Timashev “İnfrastrukturların risk əsaslı dizaynında və istismarında süni intellekt: təhlükələr və imkanlar” mövzusunda məruzə ilə çıxış edib. O, süni intellektin sənaye sistemlərində tətbiqinin həm potensial təhlükələri, həm də mühüm imkanları barədə elmi arqumentlər irəli sürüb. Timashev vurğulayıb ki, risk yalnız təhlükə deyil, eyni zamanda inkişafın vacib mərhələsidir. O, infrastruktur layihələrinin dizaynında süni intellekt alqoritmlərinin etik və təhlükəsizlik aspektlərinin daha dərindən araşdırılmasının zəruriliyini diqqətə çatdırıb.

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun Qlobal İqtisadi Problemlər şöbəsinin müdiri, Nobel Sülh Mükafatı laureatı, professor Yelena Nikitina isə “İqlim dəyişmələri: cənubda qlobal adaptasiya üçün beynəlxalq yardımın inkişafı” və “Arktikada iqlim dəyişmələri: adaptasiya və fəlakət risklərinin azaldılması” mövzularında çıxış edib.

Professor Nikitina qeyd edib ki, Cənub regionlarında iqlim dəyişmələrinin təsirlərini minimuma endirmək üçün beynəlxalq yardım mexanizmləri gücləndirilməli, ekoloji layihələrin maliyyələşdirilməsi və texnoloji dəstək imkanları genişləndirilməlidir. Onun fikrincə, iqlim adaptasiyası qlobal iqtisadi sabitliyin və sosial rifahın qorunması baxımından strateji əhəmiyyət daşıyır.

Konfrans çərçivəsində gün ərzində risk yönümlü qərar qəbuletmə, ərzaq təhlükəsizliyi və torpaq meliorasiyasında yeni texnologiyalar, eləcə də fəlakət risklərinin azaldılması mövzularında panel və poster sessiyalar təşkil olunub.

İki gün davam edən “RİSK-2025” konfransı “Davamlılıq paradiqmasında insan amili”, “Risk və şəhər təhlükəsizliyinə kompleks yanaşma”, “Neft və qaz sənayesində risk və dayanıqlılıq”, eləcə də “Texnoloji risklər və davamlı inkişaf” mövzularında aparılan müzakirələrlə davam edir. Konfransın oktyabrın 23-də başa çatacaq.

 

 


Paylaş