Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) komandası ABŞ-da keçirilən “PetroBowl dünya çempionatı 2025” yarışmasında uğurlu çıxış edərək 1/4 final mərhələsinə qədər irəliləyib və dünyanın ən güclü səkkiz universitet komandası sırasına düşüb.
Regional çempionatın qalibi kimi dünya finalına vəsiqə qazanan ADNSU komandası 500-dən çox universitetin qatıldığı yarışmanın final mərhələsində yer alan 32 ən yaxşı komanda arasında mübarizə aparıb.
1/16 finalda ADNSU komandası ABŞ-ın Missuri Elm və Texnologiya Universiteti ilə qarşılaşıb və 50:45 hesabı ilə qalib gəlib. Bu universitet PetroBowl 2025 Şimali Amerika Regional Seçmə Yarışında ABŞ üzrə birinci, ümumilikdə isə 22 komanda arasında ikinci yeri tutaraq finala yüksəlmişdi.
1/8 finalda isə ADNSU komandası Braziliyanın Santa Katarina Dövlət Universiteti (University of the State of Santa Catarina – UDESC) komandası üzərində 60:5 hesabı ilə inamlı qələbə qazanıb. Qeyd edək ki, UDESC komandası Latin Amerikası və Karib Hövzəsi üzrə Regional Seçmə Yarışının qalibi olub.
1/4 finalda komandamız ötən ilin dünya çempionu — Rio-de-Janeyro Federal Universiteti ilə qarşılaşıb. Gərgin və yaxın keçən qarşılaşma cəmi bir sual fərqi ilə Braziliya komandasının xeyrinə başa çatıb.
Bu nəticə ilə ADNSU komandası dünyanın ən güclü 8 universitet komandası sırasında qərarlaşıb. Komandanın üzvləri Teymur Dadaşov, Zəhra Rəhimova, Sənan Həsənli, Aytəkin Kazımova və Əbülfəz Quliyev bu uğurları ilə həm universitetin, həm də Azərbaycanın adını beynəlxalq arenada qürurla təmsil ediblər.
Qeyd edək ki, “Petrobowl” dünyanın müxtəlif regionlarından universitet komandalarının texniki və qeyri-texniki biliklər üzrə yarışdığı nüfuzlu beynəlxalq müsabiqədir. ADNSU komandası öz regionunda birinci yeri tutaraq final mərhələyə vəsiqə qazanıb.