×

Xəbərlər

Xəbərlər 29 Oct 2025
ADNSU-da “Vaxtın idarə edilməsi” mövzusunda seminar keçirilib

Oktyabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 

İnsan Resursları Departamentinin nəzdində fəaliyyət göstərən AZİ Akademiyanın və

 universitetin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə əməkdaşlar üçün “Vaxtın idarə edilməsi” mövzusunda seminar keçirilib.

Seminarı insan resursları üzrə tanınmış mütəxəssis Fazilə Əsgərova aparıb. Seminarın əsas məqsədi zamanın səmərəli idarə olunması, düzgün bölüşdürülməsi, planlaşdırma və prioritetləşdirmə bacarıqlarının inkişaf etdirilməsi olub.

Seminar zamanı iştirakçılara iş mühitində vaxtın idarə olunması, planlaşdırma vərdişlərinin formalaşdırılması, prioritet və ikinci dərəcəli işlərin fərqləndirilməsi kimi mövzular barədə ətraflı məlumat verilib. F.Əsgərova vurğulayıb ki, düzgün planlaşdırma və vaxtın məqsədyönlü istifadəsi yüksək məhsuldarlığın əsas şərtlərindən biridir. O, həmçinin prioritetlərin müəyyənləşdirilməsi mövzusunda real iş təcrübələrindən nümunələr təqdim edib.

İştirakçıların diqqətinə çatdırılıb ki, bilik və bacarıqların artırılmasında vaxt amili mühüm rol oynayır və peşəkar inkişaf yalnız resurs və motivasiya ilə deyil, həm də vaxtın düzgün bölüşdürülməsi ilə mümkündür. Fazilə Əsgərova mövzu ilə bağlı aparılmış statistik göstəriciləri və sorğu nəticələrini paylaşaraq effektiv vaxt idarəçiliyinin insanın iş keyfiyyətinə, motivasiyasına və nəticələrinə təsirini faktlarla nümayiş etdirib.

Seminarda həmçinin, müasir texnologiyaların zamanın idarə edilməsindəki roluna toxunulub. Qeyd olunub ki, rəqəmsal planlaşdırma vasitələri, tətbiqlər və avtomatlaşdırılmış sistemlər iş prosesində səmərəliliyi artırır, vaxt itkisini isə minimuma endirir.

Seminar interaktiv şəkildə keçib. İştirakçılar vaxt idarəçiliyi ilə bağlı qarşılaşdıqları çətinliklər və şəxsi təcrübələrini bölüşərək mütəxəssislə fikir mübadiləsi aparıblar.


Paylaş