24 oktyabr tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə “IDEALISE” İnkubasiya Proqramının növbəti təlimi baş tutub.
Bu dəfəki modul “Layihələrin idarəedilməsi və məhsul inkişafı” mövzusuna həsr olunub. Təlimçi qismində ADNSU-nun Startup və Texnologiya Transfer Ofisinin rəhbəri, startap mentor Əhməd Əhmədzadə çıxış edib.
Sessiya zamanı iştirakçılara layihə planının hazırlanması, resursların düzgün planlaşdırılması, risk analizi, müxtəlif investor növləri, “pitch deck” strukturu və maliyyə planının formalaşdırılması kimi vacib istiqamətlər üzrə biliklər təqdim olunub. Həmçinin, təlimdə “venture capital” anlayışı və onun startapların böyüməsində oynadığı rol barədə müzakirələr aparılıb.
Təlimin əsas məqsədi komandaların layihələrini effektiv şəkildə idarə etmə bacarığını artırmaq, eyni zamanda investor qarşısında inandırıcı və strukturlu təqdimatlar (“pitch”) hazırlamağı öyrətmək olub. Nəticə etibarilə, iştirakçılar layihə idarəetmə mərhələlərini sistemləşdirməyi, resurs və risk planlarını qurmağı, eləcə də potensial investorlar üçün təqdimat hazırlamağı bacarıblar.
“IDEALISE” İnkubasiya Proqramı çərçivəsində keçirilən bu təlimlər gənc innovatorların sahibkarlıq ekosistemində praktiki bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlib.