×

Xəbərlər

Xəbərlər 30 Oct 2025
ADNSU-nun rektoru tələbə təşkilatları rəhbərləri ilə görüş keçirib

Oktyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov universitetdə fəaliyyət göstərən tələbə təşkilatları, cəmiyyətlər və klubların sədrləri ilə görüş keçirib.

Görüşdə rektor Rüfət Əzizov universitetdə mövcud olan tələbə təşkilatları və klubların əhəmiyyətindən danışıb. O, ixtisaslaşmış tələbə birliklərindən gözləntilərin yüksək olduğunu qeyd edib, bu təşkilatların sayının artmasının və fəaliyyətlərinin genişlənməsinin universitet rəhbərliyi tərəfindən dəstəkləndiyini vurğulayıb.

Rektor, həmçinin universitetdə milli-mənəvi dəyərlərin təbliğinin sistemli və keyfiyyətli şəkildə aparılmasının vacibliyini bildirib.

Tədbirdə tələbə birliklərinin fəaliyyəti, mövcud imkanlar, qarşıya qoyulan hədəflər və tələbələrin sosial, elmi-intellektual inkişafına yönəlmiş təşəbbüslər müzakirə olunub. Rüfət Əzizov tələbələrin universitet həyatında aktiv iştirakının önəmini qeyd edib, onların ideya və layihələrinin hər zaman dəstəklənəcəyini diqqətə çatdırıb.

Tələbə nümayəndələri fəaliyyət istiqamətləri, planlaşdırılan tədbirlər və qarşılaşdıqları çətinliklər barədə məlumat veriblər. Sonda tələbələrin təklifləri dinlənilib, suallar cavablandırılıb.


Paylaş