×

Xəbərlər

Xəbərlər 04 Nov 2025
ADNSU-da “IDEALISE” İnkubasiya Proqramı çərçivəsində növbəti təlim keçirilib

Noyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “IDEALISE” İnkubasiya Proqramının növbəti təlim sessiyası keçirilib. Təlim PASHA Property Management LLC-nin CAPEX Layihələr Meneceri Toğrul Muxtarov tərəfindən aparılıb.

 “Məhsul hekayəsi” mövzusunda keçirilən sessiya zamanı Toğrul Muxtarov startap layihələrinin investorlar qarşısında təqdimatı prosesində qısa təqdimat slaydlarının quruluşu və hekayəçilik (storytelling) prinsipləri haqqında ətraflı məlumat verib.

O, təqdimat zamanı emosional əlaqə qurmağın, vaxtın düzgün idarə edilməsinin və layihənin dəyər təklifinin aydın ifadə olunmasının əhəmiyyətini vurğulayıb. Təlim interaktiv şəkildə, praktiki tapşırıqlar və sual-cavab sessiyaları ilə davam edib.

İştirakçılar öz layihələrinin qısa təqdimatlarını hazırlayaraq mentor tərəfindən fərdi rəy və tövsiyələr alıblar. Sessiyanın məqsədi tələbə və gənc məzunlarda ideyalarını investor qarşısında inandırıcı və strukturlaşdırılmış şəkildə təqdim etmək bacarıqlarını formalaşdırmaq olub.

Qeyd edək ki, “IDEALISE” İnkubasiya Proqramı ADNSU-nun İnkubasiya və Texnologiya Transferi Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir və tələbələrin innovativ ideyalarını inkişaf etdirmək, onları Minimum Viable Product (MVP) mərhələsinə çatdırmaq məqsədi daşıyır.

Proqram çərçivəsində növbəti təlim sessiyası emosional zəka və beynəlxalq investorlarla əlaqə qurulması mövzularına həsr olunacaq.


Paylaş