Noyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir qrup əməkdaşı və nəzunları Almaniyanın Köln şəhərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə “Avropada yaşayan azərbaycanlı mühəndislərin II Forumu”nda iştiak ediblər.
“Azərbaycan və Avropa arasında süni intellekt və enerji mübadiləsinin perspektivləri” mövzusunda keçirilən nüfuzlu tədbirdə avropanın 16 ölkəsindən və Almaniyanın 45 şəhərindən 200-ə yaxın həmvətənimiz və xarici mütəxəssisin iştirakı ilə yanaşı, ADNSU əməkdaşları - BA Proqramlarının direktor müavini, t.ü.f.d. Nigar Adilova, MBA Proqramının müəllimi, "Alman Süni İntellekt tədqiqat mərkəzi"ndə baş tədqiqatçı və "İnformasiya sistemləri" departamentinin meneceri Dr. Nicat Mehdiyev, ADNSU-nun "Mexatronika və robototexnika mühəndisliyi" bakalvr ixtisası üzrə məzunları - hazırda Almaniyanın Dortumnd Texniki Universitetində tədqiqatla məşğul olan Hüseynzadə Sonabəyim və Quliyev Mirzəağa iştirak ediblər.
Tədbirdə ADNSU məzunu, "Women in Engineering" (Qadınlar mühəndislikdə) təşkilatının sədri Sonabəyim Hüseynzadənin "İnsanabənzər robot texnikasında etik innovasiya: Azərbaycandan Avropaya baxış" mövzusunda və Nicat Mehdiyevin "Dayanıqlı sənaye analitikası üçün etibarlı süni intellekt: Metodlar, konseptlər və tətbiqlər" mövzusunda çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Yekunda BA Proqramlarının direktor müavini, t.ü.f.d. Nigar Adilova davos formatlı panel müzakirəsində iştirak edərək "Süni intellektin ali təhsilə inteqrasiyası: ADNSU modeli" mövzusunda çıxış edib, ADNSU-da süni intellekt və enerji mübadiləsi istiqamətində görülən işlərdən danışıb. Tədbir panel müzakirəsi ilə başa çatıb.