×

Xəbərlər

Xəbərlər 05 Nov 2025
ADNSU-nun rektoru Koreyada keçirilən “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2025” sammitində təqdimatla çıxış edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov 2025-ci il 4–6 noyabr tarixlərində Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilən “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2025” beynəlxalq sammitində iştirak edir.

Sammitdə rektor, dosent Rüfət Əzizov “Tələbələrin sənaye yonümlü bacarıqlarla təchiz edilməsi” mövzusunda geniş təqdimatla çıxış edib. O, ADNSU-nun sənaye–universitet əməkdaşlığının gücləndirilməsi üzrə təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb.

Üç gün davam edən sammitdə ali təhsildə müasir meyillər, bacarıqların inkişafı, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, həmçinin universitetlərin gələcək nəsillərin bilik və bacarıqlarının formalaşdırılmasında rolu kimi aktual mövzular müzakirə olunur.

Asiya-Sakit okean regionunda ali təhsilə həsr olunmuş ən nüfuzlu beynəlxalq tədbirlərdən biri olan “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2025”nin ev sahibi və strateji tərəfdaşı Koreya Universitetidir.

Sammit QS-in ən böyük tədbirlərindən biri olaraq 2000-dən çox təhsil, sənaye və dövlət nümayəndəsini bir araya gətirib. Sevindirici haldır ki, Azərbaycan universitetləri bu regionda da getdikcə daha geniş tanınır. Çin, Cənubi Koreya, Sinqapur, Malayziya, İndoneziya, Yaponiya, Avstraliya və digər ölkələrin aparıcı universitetləri ölkəmizin ali təhsil müəssisələri, o cümlədən ADNSU ilə əməkdaşlıqda maraq göstərirlər.

ADNSU-nun son illərdə qlobal məkanda artan tanınması yeni tərəfdaşlıqların qurulmasına şərait yaradır və beynəlxalq əlaqələrin dinamik inkişafında mühüm rol oynayır.


Paylaş