Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Elmi Cəmiyyəti (TEC) noyabr ayını “Dayanıqlı İnkişaf Məqsədləri (SDG) ayı” elan edib. Layihə çərçivəsində ətraf mühitin qorunması, resurslardan səmərəli istifadə və dairəvi iqtisadiyyatın təşviqi məqsədilə universitetdə ekoloji təşəbbüslər həyata keçirilir.
Bu təşəbbüslərdən biri kimi, ADNSU-nun yeməkxanasında toplanan istifadə olunmuş bitki yağlarını tullantı kimi atmayaraq Bioropean Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) təhvil verilib, öz məqsəd və ideyalarını bildiriblər.
Qeyd edək ki, həmin şirkət tərəfindən bu yağlar emal edilərək bioyanacaq (biodizel) istehsalında istifadə olunacaq. Təqdim olunan yağların bioyanacağa çevrilməsi tullantıların azaldılmasına, bərpa olunan enerji mənbələrinin genişlənməsinə və karbon izinin minimumlaşdırılmasına töhfə verir.
Bu təşəbbüs tələbələrin ekoloji məsuliyyətinin artırılması və dayanıqlı inkişaf prinsiplərinin təbliği baxımından mühüm addım hesab olunur.