×

Xəbərlər

Xəbərlər 05 Nov 2025
Qazaxıstanlı magistr tələbələr ADNSU-da elmi-tədqiqat təcrübəsi keçib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Qazaxıstan Respublikasının Satbayev adına Milli Elmi-Tədqiqat Texniki Universiteti arasında mövcud əməkdaşlıq çərçivəsində Qazaxıstanlı magistr tələbələrin universitetdə elmi-tədqiqat təcrübəsi keçirilib.

Təcrübə proqramı çərçivəsində tələbələr universitetin elmi-tədqiqat laboratoriyaları ilə tanış olub, azərbaycanlı həmkarları ilə geologiya və neft mühəndisliyi sahəsində aparılan tədqiqat mövzuları üzrə fikir mübadiləsi aparıblar.

Geologiya ixtisası üzrə təhsil alan tələbələr həmçinin, 3 gün ərzində SOCAR-da istehsalat təcrübəsi keçiblər, şirkətin fəaliyyət istiqamətləri, müasir hasilat texnologiyaları və idarəetmə prosesləri ilə yaxından tanış olublar.

Bundan əlavə, qonaqlar “Balakhani Operating Company” hasilat şirkətini də ziyarət edərək Balaxanı mədənlərində hasilat mərhələlərini, neft yığım məntəqələrinin iş prinsiplərini və sənayedə tətbiq olunan innovativ texnologiyaları yerində müşahidə ediblər. 


Paylaş