Bu ilin dekabrında Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçiriləcək Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransına (NASCO XXVIII) müraciətlər başa çatıb. İştirakçıların 71.7%-i doktorant, 28.3%-i isə 35 yaşadək gənc tədqiqatçılardır, bu da ölkədə elmi kadrların formalaşmasında gənclərin artan rolunu göstərir.
Konfransa təqdim olunan elmi işlər altı əsas istiqamət üzrə bölüşdürülüb. Ən çox müraciət humanitar elmlər sahəsinə daxil olub. Belə ki, bu istiqamət üzrə 210 məqalə qəbul edilib. Sosial elmlər üzrə 158, texniki elmlər üzrə 123, təbiət elmləri üzrə 94, informasiya və kommunikasiya texnologiyaları sahəsində 50, tibb elmləri üzrə isə 9 məqalə təqdim olunub. Bu bölgü müxtəlif sahələrdə elmi marağın olduğunu, lakin sosial və humanitar tədqiqatların nisbətən daha çoxluq təşkil etdiyini göstərir.
Məqalələrin 63%-i Azərbaycanca, 34%-i İngiliscə, 3%-i isə Rusca təqdim olunub. Bu balans həm yerli elmi potensialın qorunduğunu, həm də beynəlxalq auditoriyaya çıxış niyyətinin mövcudluğunu göstərir. Təqdimat formatı üzrə 82.5% iştirakçı şifahi təqdimat, 17.5% isə poster seçib. Bu da gənc tədqiqatçıların öz elmi nəticələrini birbaşa auditoriya qarşısında bölüşmək istəyini ortaya qoyur.
Qəbul edilmiş məqalələrin 96%-dən çoxu elmi rəyə göndərilib, bu da təqdim olunan işlərin əsas hissəsinin müəyyən elmi keyfiyyətə sahib olduğunu göstərir. Cəmi 2%-ə yaxın məqalə rəyə uyğun sayılmayıb, yalnız bir məqaləyə düzəliş tövsiyə olunub.
Konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək. Tədbirin məqsədi gənc alimlərin elmi fəaliyyətini dəstəkləmək, onların peşəkar inkişafına töhfə vermək və müxtəlif sahələr üzrə ideya mübadiləsi üçün açıq və inklüziv platforma yaratmaqdır.
Qeyd edək ki, ADNSU-nun ev sahibliyi ilə baş tutacaq bu konfransda ölkənin müxtəlif universitet və elmi-tədqiqat mərkəzlərində fəaliyyət göstərənlərlə yanaşı, xaricdə tədqiqat aparan azərbaycanlı doktorant və gənc alimlər də iştirak edəcəklər.