Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti- ADNSU-nun tədris məsələləri üzrə prorektoru, dosent Rza Məmmədov və Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsini icra edən, dosent Elviz İsmayılov İsrailə səfər ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti Holon Texnologiya İnstitutu (HTİ) kimi qabaqcıl ali təhsil müəssisəsində, “Check Point” kibertəhlükəsizlik şirkətində və Qüds İnnovasiya Mərkəzində olublar. Görüşlər zamanı ADNSU nümayəndələri universitetin fəaliyyəti, tədris və tədqiqat istiqamətləri, beynəlxalq əməkdaşlıq layihələri barədə ətraflı məlumat veriblər.
Bundan əlavə, ADNSU-nun prorektorları Holon Texnologiya İnstitutunda təşkil olunan “Süni zəka, dayanıqlılıq və rəqəmsal irs” mövzusunda HTİ və onun Avrasiya və Balkan ölkələri tərəfdaşlarının 4-cü illik seminarında iştirak edib. Tədbirdə dosent Elviz İsmayılov “Həkimlər üçün süni intellekt əsaslı klinik qərar dəstəyi sistemi” mövzusunda məruzə ilə çıxış edib.
Qeyd edək ki, səfərin əsas məqsədi ADNSU ilə İsrailin aparıcı universitetləri arasında elmi-tədqiqat, tədris və innovasiya sahələrində əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi olub.