Noyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsilalanlarla İş Mərkəzinin təşkilatçılığı ilə ADNSU Tələbə Gənclər Təşkilatının (TGT) fakültə sədrləri üçün “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib.
Tədbiri Universitetin Təhsilalanlarla İş Mərkəzinin müdiri Rəna Cəbrayılova açaraq təlimin keçirilmə məqsədi barədə məlumat verib. Bildirilib ki, kommunikasiya bacarıqlarının inkişafı tələbələrin komanda fəaliyyətinə adaptasiya olunmasına, onların təşkilati mühitdə fəallığının və təşəbbüskarlığının artmasına mühüm təsir göstərir.
Təlim ADNSU-nun məsləhətçi psixoloqu Fatimə Kərimli tərəfindən aparılıb. Psixoloq effektiv ünsiyyətin prinsipləri, düzgün dinləmə vərdişləri, fikir və emosiyaların qarşı tərəfə aydın çatdırılması barədə iştirakçılara geniş izahlar təqdim edib.
O, tələbələrin gələcək peşə fəaliyyətində kommunikasiya bacarıqlarının vacibliyinə toxunaraq bildirib ki, komanda daxilində sağlam ünsiyyət mühitinin formalaşması əməkdaşlığın keyfiyyətini artırır, münaqişə risklərini azaldır və qərarvermə prosesini asanlaşdırır. Təlim zamanı psixoloq, həmçinin gənclərin ictimai fəaliyyətlərdə liderlik keyfiyyətlərini daha təsirli nümayiş etdirməsi üçün psixoloji yanaşmalar və davranış modelləri haqqında praktiki tövsiyələr verib.
Sonda iştirakçılar mövzu ilə bağlı suallarını ünvanlayıblar, real kommunikasiya situasiyalarını əhatə edən tapşırıqlarda fəal iştirak ediblər.