Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin BA Proqramlarının direktoru, professor Rafiq Əliyevin materiallarının və şəxsi əşyalarının Milli Azərbaycan Tarixi Muzeyində təqdimatı keçirilib. Tədbir muzeyin direktoru, akademik Nailə Vəlixanlının giriş nitqi ilə başlayıb. O, çıxışında professor Rafiq Əliyevin elmi fəaliyyətindən və yaradıcılığının əsas istiqamətlərindən danışıb. Ardınca Rafiq Əliyevin həyat və yaradıcılığını əks etdirən film nümayiş etdirilib.
Vicdanlı, ədalətli, əqidəli, sadə, səmimi və humanist olmaq, xalqın mənafeyini şəxsi maraqlarından üstün tutmaq ziyalılığın əsas meyarı hesab olunur. İnsanlıq belə şəxsiyyətlərin çiyinlərində dayanır. Rafiq Əliyev də bu dəyərli ziyalılarımızdan biridir. Beş dildə kitablar yazan, Təbrizdə, ABŞ-da, Almaniyada, İsveçdə, Avstraliyada və digər ölkələrdə Azərbaycanı ləyaqətlə təmsil edən Rafiq Əliyev təfəkkürü Qərbə, əxlaqı isə Şərqə uyğun gələn bir mənəviyyat sahibidir. Böyük alim Lütfi Zadə onunla dostluğunu yüksək dəyərləndirirdi. ABŞ-ın tanınmış alimi Ronald Yager isə belə demişdi: “Rafiq Əliyev — Amerikadan 7 min mil uzaqlıqda yaşasa da, o, Amerikadan daha əzəmətli görünür.”
Təqdimat çərçivəsində qonaqlar çıxış edərək Rafiq Əliyev haqqında ürək sözlərini və düşüncələrini bölüşüblər. Çıxış edənlər arasında yazıçı Kamal Abdulla, xalq şairi Ramiz Rövşən, Mətbuat Şurasının sədri Rəşad Məcid, şairə Kəmalə Abiyeva, şair Rəfail Tağızadə, jurnalist İlqar Əlfi, yazıçı Əli Əmirli, professor Akif Əlizadə və digərləri olub. Musiqi proqramı çərçivəsində xanəndələr Güllü Muradova və Sevinc Sarıyeva səhnə alaraq ifaları ilə tədbir iştirakçılarına xoş anlar yaşadıblar.
Sonda professor Rafiq Əliyev çıxış edərək muzeyin əməkdaşlarına və tədbirə qatılan qonaqlara dərin təşəkkürünü bildirib.