29–30 noyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Qabaqcıl süni intellekt və maşın öyrənmə tətbiqləri” hakatonu keçirilib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və ADNSU-nun “Startup və TTO” şöbəsinin təşkilatçılığı ilə keçirilən hakaton ADNSU və UFAZ tələbələri üçün təşkil olunub. Ümumilikdə, yarışda 22 komandadan ibarət 85 tələbə layihəsi ilə iştirak edib.
İki gün davam edən hakatonda komandalar təcrübəli mentorların dəstəyi ilə layihələrini inkişaf etdiriblər. Sonda təqdim edilən layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Münsiflərin qərarına əsasən, ilk üç yer üzrə qaliblər müəyyən edilib. Birinci yerin qalibi “AI Strikers”, ikinci yerin qalibi “NAVI”, üçüncü yerin qalibi isə “Smart Screen” komandası olub.
Qeyd edək ki, qalib komandalar müvafiq olaraq 2500 AZN, 1500 AZN və 1000 AZN məbləğində mükafat qazanıblar.