×

Xəbərlər

Xəbərlər 03 Dec 2025
ADNSU müəlliminin yağış mənşəli torpaq sürüşmələri ilə bağlı tədqiqatı Q1 indeksli nüfuzlu jurnalda dərc olunub

ADNSU müəlliminin yağış mənşəli torpaq sürüşmələri ilə bağlı tədqiqatı Q1 indeksli nüfuzlu jurnalda dərc olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi və SABAH Mərkəzinin Neft-qaz geologiyası üzrə proqram rəhbəri Rəşad Abbasovun həmmüəllifi olduğu elmi məqalə Q1 kvartilli, yüksək impakt faktorlu “Engineering Geology” jurnalında dərc olunub.

“Yağıntıların səbəb olduğu torpaq sürüşmələrinin modelləşdirilməsində Riçards tənliyinin Biot məsamə elastikliyi ilə birlikdə sadələşdirilmiş yanaşmaların qiymətləndirilməsi” mövzusunda aparılan tədqiqatda yağış mənşəli torpaq sürüşmələrinin hidro-mexaniki (HM) modelləşdirilməsi elmi əsaslarla araşdırılıb. Tədqiqat işində doymamış mühitlərdə maye axınının təsviri üçün istifadə olunan Riçards tənliyinin Biot məsamə elastikliyi ilə birgə tətbiqi ilk dəfə sistemli şəkildə formullaşdırılıb və bu yanaşmanın müxtəlif sadələşdirilmiş modellərlə müqayisəli təhlili aparılıb. Müəlliflər tərəfindən həm nəzəri əsaslandırma təqdim edilib, həm də ədəbiyyatda mövcud olan model sadələşdirmələrinin proqnozların etibarlılığına təsiri qiymətləndirilib.

Modelin praktik tətbiqi üçün hesablama prosesləri COMSOL Multiphysics proqram mühitində reallaşdırılıb və nəticələr etalon (benchmark) ssenarilərlə təsdiqlənib. Təhlilin real sahə üzrə yoxlanılması isə Azərbaycanın ən aktiv sürüşmə zonalarından biri olan Badamdar sürüşmə sahəsi nümunəsində aparılıb. Alınan nəticələr model mürəkkəbliyi ilə proqnoz dəqiqliyi arasında mühüm elmi asılılığın mövcud olduğunu göstərib. Araşdırmanın əsas elmi nəticəsi ondan ibarətdir ki, ədəbiyyatda geniş istifadə olunan sadələşdirilmiş modellər hesablama baxımından daha sürətli olsa da, tam qoşulmuş hidro-mexaniki model həm etibarlılıq, həm də proqnoz dəqiqliyi baxımından daha yüksək nəticələr verir. Tədqiqatda tətbiq edilən müasir hesablama alqoritmləri bu tam modelin hesablama effektivliyini artıraraq onu sadələşdirilmiş modellərlə rəqabətədavamlı edir.

Qeyd edək ki, məqalə açıq giriş formatında, “Creative Commons” lisenziyası ilə yayımlanıb və beynəlxalq elmi ictimaiyyət üçün sərbəst şəkildə əlçatandır.

Məqaləni oxumaq üçün keçid: https://www.sciencedirect.com/science/article/pii/S0013795225005770?via=ihub


Paylaş