Dekabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Sağlam sabah” layihəsi çərçivəsində “Sağlam təməl – sağlam gələcək” adlı seminar təşkil olunub.
Seminarda ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova, universitet əməkdaşları və tələbələrlə yanaşı, Bakı Baş Səhiyyə Mərkəzinin direktor müavini Ləman Mursaqulova, Ana və uşaq sağlamlığının təşkili şöbəsinin müdiri Esmira Hacıyeva, həmin şöbənin böyük mütəxəssisi Nərgiz Kərimova və İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin böyük mütəxəssisi Günel Fərəcova iştirak ediblər.
Mütəxəssislər mövzu ilə bağlı təqdimatla çıxış edərək sağlam və balanslı qidalanma prinsipləri, zərərli içkilər və qeyri-sağlam qidaların insan orqanizminə mənfi təsirləri, eləcə də siqaret və digər təhlükəli vərdişlərin yaratdığı risklər barədə məlumat veriblər. Onlar həmçinin gənclərin gündəlik həyatında tez-tez rast gəlinən sağlamlıq problemlərindən danışaraq onların qarşısının alınması yollarını izah ediblər.
Tədbirin məqsədi tələbələr arasında sağlam həyat tərzi vərdişlərinin təşviqi, düzgün qidalanma, zərərli vərdişlərdən qorunma və müasir sağlamlıq çağırışları barədə məlumatlılığın artırılması olub.
Diskussiya formatında keçirilən seminarda tələbələrin sualları cavablandırılıb, sağlam həyat tərzinin formalaşdırılmasının həm fərdi inkişaf, həm də ümumi sosial rifah üçün əhəmiyyəti vurğulanıb. İştirakçılar belə maarifləndirici tədbirlərin davamlı şəkildə keçirilməsinin gənclərin məlumatlılığının artırılmasına mühüm töhfə verdiyini qeyd ediblər.