×

Xəbərlər

Xəbərlər 06 Dec 2025
ADNSU-da akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş Elmi konfrans keçirilib

Dekabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tanınmış alim, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş Elmi konfrans keçirilib. Tədbir ADNSU Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə baş tutub.

ADNSU, Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Bakı Mühəndislik Universiteti (BMU) və Sumqayıt Dövlət Universitetinin (SDU) Tələbə Elmi Cəmiyyətlərinin birgə təşkilatçılığı ilə keçirilən silsilə tədbirlərin yekunu olan bu Elmi konfrans iki panel sessiyası və müxtəlif mövzular üzrə geniş müzakirələrlə yadda qalıb.

Açılışda ADNSU Tələbə Elmi Cəmiyyətinin sədri Məhəmməd Sultanlı akademik Yusif Məmmədəliyevin elmi irsi, həmçinin tələbə elminin inkişafında bu kimi tədbirlərin əhəmiyyətindən bəhs edib.

Birinci panel “Neft və kimya sənayesində yeniliklər və kadr hazırlığı” mövzusuna həsr olunub və Məzunlarla İş və Karyera Mərkəzinin müdiri Şamil Əhmədov tərəfindən idarə edilib. Panelin spikerləri – “SOCAR Polymer” şirkətinin Məhsul keyfiyyətinə nəzarət üzrə direktoru Elvira Babayeva, bp şirkətinin Baş mühəndisi Aynurə Dəmirli və ADNSU-nun Kimya texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova sessiya zamanı sənaye nümayəndələri və akademik mütəxəssislər tərəfindən müasir neft-kimya sahəsində tətbiq olunan texnoloji yeniliklər, həmçinin kadr potensialının formalaşdırılması istiqamətində müzakirələr aparıblar, öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşüblər.

ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyovanın moderatorluğu ilə keçirilən ikinci paneldə isə “Dayanıqlı inkişafın sənaye modeli: enerji, ekologiya, innovasiya” mövzusu müzakirə edilib. Paneldə ADNSU-nun Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev, Agroplatform/Greening-Global şirkətinin rəhbəri Elnur İslamov, Kağızın Təkrar Emalı Fabrikinin müdiri, mexanika üzrə fəlsəfə doktoru Əli Məmmədov və SGS şirkətinin xüsusi inspeksiya xidmətləri üzrə inspektoru Tural Səfərov çıxış edərək ekoloji dayanıqlıq, yeni enerji trendləri və innovativ sənaye həlləri barədə müzakirələr aparıblar, mövcud reallıqları və gələcək perspektivləri təhlil ediblər.

Konfransda iştirak edən əcnəbi qonaqlar – Daşkənd Dövlət Texniki Universitetinin professorları Əzizbəy Nadirbəkoviç Yusupbəkov və Uktam Fərxodoviç Mamirov tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Tədbir çərçivəsində SDU, BMU, AzMİU və AzTU ilə birgə əməkdaşlıq çərçivəsində əvvəlki sessiyələrin nəticələri də dəyərləndirilib. Aktiv iştirak edən tələbələr sertifikatlarla təltif olunub. Daha sonra iştirakçılar üçün ADNSU-nun muzeyinə ekskursiya təşkil edilib.

Seminar zamanı nümayiş olunan “Zamanın zirvəsi” sənədli filmi Yusif Məmmədəliyevin həyat və elmi fəaliyyətinə həsr olunub. Ardınca alimlər və ali təhsil müəssisələrinin nümayəndələri akademikin Azərbaycan və dünya kimya elminə verdiyi töhfələr, həmçinin sənaye proseslərinin inkişafındakı rolu barədə geniş təqdimatlar ediblər. Tələbələr də çıxış edərək Yusif Məmmədəliyev irsinin gənclərin elmi-tədqiqat fəaliyyətinə müsbət təsirini vurğulayıblar.

Tədbirin sonunda iştirakçılar ADNSU-nun elmi-tədqiqat laboratoriyaları və Kitabxana İnformasiya Mərkəzi ilə tanış olublar. Konfrans akademikin zəngin elmi irsinin gənc tədqiqatçılar arasında daha geniş tanıdılmasına və universitetlərarası elmi əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verib.


Paylaş