×

Xəbərlər

Xəbərlər 11 Dec 2025
ADNSU-da Ulu Öndər Heydər Əliyevin anım günü qeyd edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ulu Öndər Heydər Əliyevin anım günü qeyd edilib.

Universitet rəhbərliyi və əməkdaşlar əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin, eləcə də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər, onların xatirəsini dərin ehtiramla yad ediblər.

Ulu Öndərin anım gününə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Liderin, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğundakı misilsiz xidmətlərindən, ölkənin siyasi, iqtisadi və sosial sahələrdə inkişaf strategiyasının formalaşmasındakı tarixi rolundan danışıb. Rektor vurğulayıb ki, Heydər Əliyev Azərbaycanın müasir dövlətçilik tarixində əvəzolunmaz şəxsiyyət olaraq xalqın rifahının yüksəldilməsi, sabitlik və milli birliyin təmin olunmasında misilsiz xidmətlər göstərib. O, həmçinin Heydər Əliyevin təhsil və elm sahəsinə verdiyi diqqətə toxunaraq elmin inkişafını, gənc kadrların yetişdirilməsini daim prioritet hesab etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Rektor Rüfət Əzizov bildirib ki, Ulu Öndərin irsi ADNSU üçün xüsusi əhəmiyyət daşıyır. O, bir daha xatırladıb ki, Ümummili Lilder Heydər Əliyev bir vaxtlar məhz bu ali təhsil ocağında təhsil alıb və bu, universitetin fəaliyyətində və tələbələrin yetişdirilməsində bü gün də öz təsirini göstərir. 

Daha sonra Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov çıxış edərək Ulu Öndərin xalq və dövlət qarşısındakı əvəzsiz xidmətlərindən danışıb, onun əsasını qoyduğu dövlətçilik ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.

Çıxışlar zamanı Ulu Öndərin müdrik siyasətinin, uzaqgörən strategiyasının gənc nəsillərə örnək olduğunu və onların vətənpərvər, bilikli və bacarıqlı şəxslər kimi yetişməsində əhəmiyyətli təsir göstərdiyi də diqqətə çatdırılıb.

Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub, daha sonra isə Ulu Öndərə ithaf edilmiş bədii hissə ilə davam etdirilib.


Paylaş