Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə dahi liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədri Sudeyf İmamverdiyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov, Bakı-Slavyan Universitetinin rektoru Anar Nağıyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Hikmət Babaoğlu və Rövşən Muradov tədbirdə çıxış ediblər.
Anım tədbirində Ümummilli Lider Heydər Əliyevin həyat yolu və xalqımız qarşısındakı xidmətləri barədə söhbət açılıb, onun dövlətçilik tariximizdə oynadığı mühüm rol, ölkəmizin inkişafı və xalqın rifahı naminə həyata keçirdiyi sosial və iqtisadi layihələr diqqətə çatdırılıb. Həmçinin Ulu Öndərin diplomatiya, mədəniyyət və elmin inkişafına göstərdiyi qayğı və dəstək vurğulanıb.
Tədbir çərçivəsində UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov və Yaşar Əhmədovun həmmüəllifi olduğu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dəstəyi ilə nəşr edilmiş “Bəşəriyyətə örnək olan bir ömrün fəlsəfəsi” kitabının təqdimatı baş tutub. Kitabda Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, xalqın rifahının yüksəldilməsi və ölkəmizin uğurlu gələcəyinin təməlini qoymaq istiqamətindəki fəaliyyəti geniş işıqlandırılıb.
Həmçinin, kitab Ulu Öndərin təhsil, elm, mədəniyyət, enerji və hərb sahələrində apardığı siyasəti, milli-mənəvi dəyərlərin qorunmasındakı rolunu və Azərbaycanın müstəqil, qüdrətli dövlət kimi formalaşmasında göstərdiyi sarsılmaz səyləri əks etdirir. Oxucular bu nəşrdə Heydər Əliyevin uzaqgörən siyasətinə və xalqına sədaqətinə bütün çalarları ilə şahid ola bilərlər.