×

Xəbərlər

Xəbərlər 11 Dec 2025
ADNSU-da “Böhran kommunikasiyasının idarə olunması” mövzusunda təlim keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Natiqlik sənəti və kommunikasiya bacarıqları” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Bu dəfəki təlimin qonağı “Baku Bus” MMC-nin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva olub. Təlimdə o, böhran dövründə kommunikasiya strategiyalarının düzgün qurulmasının şirkətlərin reputasiya idarəçiliyində xüsusi rol oynadığını vurğulayıb.

Ə.Əliyeva təqdimatla çıxış edərək tələbələrə çatdırıb ki, böhran vəziyyətində vaxt amili ən kritik məsələdir. Hadisənin araşdırılmasının gecikməsi və sualların cavabsız qalması informasiya boşluğu yaradır və bu boşluq tez bir zamanda şayiələrə çevrilə bilər. Bu səbəbdən baş verən proseslərin operativ qiymətləndirilməsi və cəmiyyətə vaxtında məlumat verilməsi birinci mərhələ kimi dəyərləndirilməlidir.

Təlimçi həmçinin diqqəti koordinasiyanın vacibliyinə yönəldib. O, böhran zamanı məlumatı ictimaiyyətə ötürən komandanın əvvəlcədən hazırlanmış mexanizm üzrə fəaliyyət göstərməsinin zəruriliyini qeyd edib. Onun izahına görə, hansı məlumatların açıqlanacağı, hansı detalların isə paylaşılmayacağı proses başlamazdan əvvəl müəyyən edilməlidir. Bu, məlumat axınını tənzimləməklə yanaşı, şirkətin rəsmi mövqeyinin vahid formada çatdırılmasına şərait yaradır.

Ə.Əliyeva məlumatların dəqiqliyinə xüsusi önəm verib və bildirib ki, cəmiyyətə təqdim edilən informasiyanın dürüstlüyü etimadın qorunması üçün əsas şərtdir. Onun fikrincə, qeyri-dəqiq məlumat böhranı daha da dərinləşdirə, əlavə söz-söhbət üçün zəmin yarada bilər.

O, böhran zamanı birbaşa kommunikasiya kanallarının gücləndirilməsinin vacibliyinə də toxunub. Təlimçi qeyd edib ki, rəsmi internet səhifəsi, sosial media hesabları, mobil tətbiq və dayanacaqlardakı elanlar vasitəsilə sərnişinlərin operativ məlumatlandırılması “Baku Bus” üçün prioritet hesab olunur. Bu üsul həm şəffaflığı artırır, həm də şirkətin mövqeyini düzgün və vaxtında çatdırmağa imkan verir.

Təlimdə təşəbbüskarlıq məsələsi də ayrıca diqqət mərkəzində olub. Təlimçi bildirib ki, baş verən hadisəyə dair ilk məlumatın rəsmi mənbədən verilməsi kompaniyanın prosesi nəzarətdə saxlamasına kömək edir və ictimai informasiyanı yönləndirməyə imkan yaradır.

Diskusiya formatında keçən təlim sual-cavab sessiyasından sonra başa çatıb.


Paylaş