Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Belə ki, ADNSU ilə yanaşı, ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş geniş formatlı tədbir keçirilib. Tədbirlərdə hər iki təhsil müəssisəsinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, rəsmi şəxslər, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Anım tədbirlərində Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli inkişaf strategiyasının formalaşdırılması və müasir Azərbaycan dövlətinin qurulmasındakı misilsiz tarixi xidmətləri xüsusi vurğulanıb. Çıxış edənlər bildirib ki, Heydər Əliyevin siyasi irsi yalnız bir dövrün deyil, müasir Azərbaycanın davamlı inkişaf modelinin ideya əsasını təşkil edir. Onun müəyyən etdiyi dövlət quruculuğu kursu, həyata keçirdiyi islahatlar, enerji siyasəti, iqtisadi tərəqqi və güclü ordu strategiyası Azərbaycanın bu gün əldə etdiyi nailiyyətlərin təməlində dayanır.
Anım mərasimi çərçivəsində dosent Yaşar Əhmədovun həmmüəllifi olduğu və ADNSU-nun dəstəyi ilə nəşr edilmiş “Bəşəriyyətə örnək olan bir ömrün fəlsəfəsi” kitabının təqdimatı keçirilib. Nəşrdə Ulu Öndərin həyatı, siyasi fəaliyyəti, xalqın rifahının yüksəldilməsi, milli dövlət institutlarının formalaşdırılması və Azərbaycanın dünya miqyasında nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi işlər geniş şəkildə işıqlandırılıb.
ADNSU-da keçirilən silsilə tədbirlər çərçivəsində tələbələrin iştirakı ilə “Heydər Əliyev Həftəsi” də təşkil olunub. Həftə çərçivəsində “Ümummilli Lider Heydər Əliyev və gənclərin inkişafında rolu” mövzusunda dəyirmi masa keçirilib. Çıxışlarda vurğulanıb ki, Ulu Öndər gəncləri ölkənin gələcəyi hesab edir, onların bilikli, dünyagörüşlü və vətənpərvər yetişməsi üçün fundamental dövlət siyasəti formalaşdırmışdır.
Anım tədbirlərinin davamı olaraq ADNSU-nun Kitabxana İnformasiya Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş ənənəvi sərgi təşkil edilib. Sərgidə Heydər Əliyevin ölkənin siyasi, iqtisadi, elmi və mədəni tərəqqisinə verdiyi mühüm töhfələri əks etdirən kitablar, sənədlər və foto-materiallar nümayiş etdirilib.
ADNSU-da keçirilən tədbirlər Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinə dərin ehtiramın ifadəsi olmaqla yanaşı, gənc nəslin bu irsi dərindən öyrənməsi və gələcək inkişaf üçün əsas prinsiplər kimi mənimsəməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.