Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) İstanbul Fuar Mərkəzində keçirilən “Take Off İstanbul” beynəlxalq startap zirvəsini uğurla başa vurub. Azərbaycanı təmsil edən yeganə universitet kimi ADNSU builki tədbirdə həm təqdimatları, həm də beynəlxalq biznes görüşləri ilə xüsusi fərqlənib. Zirvə çərçivəsində ADNSU-nun “HealWith”, “VECTA” və “UManage” adlı startap komandaları müxtəlif investorlar, texnoloji şirkətlər və qlobal ekosistem nümayəndələri ilə görüşlər keçiriblər. Startaplar layihələrinin gələcək inkişaf planları, potensial əməkdaşlıq imkanları və kommersiyalaşdırma mərhələləri barədə fikir mübadiləsi apararaq böyük marağa səbəb olublar. Beynəlxalq investorlar təqdim olunan layihələrin innovativ mahiyyətini və real sektor problemlərinə yönəlmiş həllərini yüksək dəyərləndiriblər. ADNSU-nun nümayəndə heyəti müxtəlif təşkilatlarla əməkdaşlıq imkanlarını müzakirə edib, universitetin innovasiya mühitini və tələbələrin texnoloji yaradıcılıq potensialını beynəlxalq tərəfdaşlara təqdim edib.
Zirvənin sonunda ADNSU nümayəndələrinə startap ekosisteminə verdikləri töhfəyə və aktiv iştiraklarına görə T3 Fondunun sahibkarlıq təşəbbüslərinin rəhbəri və “Take Off Startup Summit”in əsas təşkilatçılarından biri olan İrem Bayraktar tərəfindən xüsusi plaket təqdim edilib.