×

Xəbərlər

Xəbərlər 12 Dec 2025
ADNSU-da Dövlət Yanğından Mühafizə Xidməti ilə birgə maarifləndirici görüş keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnsan Resursları Departamentinin nəzdində fəaliyyət göstərən AZİ Akademiyanın və universitetin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Dövlət Yanğından Mühafizə Xidməti ilə birgə “Yanğın zamanı təxliyyə və qarşılıqlı fəaliyyət” mövzusunda maarifləndirici görüş təşkil edilib. Tədbirin əsas məqsədi əməkdaşların fövqəladə hallar zamanı düzgün davranış qaydaları, təxliyyə prosesinin təşkili və aidiyyəti qurumlarla koordinasiyanın əhəmiyyəti barədə məlumatlandırılmasını artırmaq olub.

ADNSU-nun ümumi işlər üzrə prorektoru Elnur İsmayılov, universitetin bir qrup müəllim və tələbələrinin iştirak etdiyi görüşdə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi polkovnik-leytenant Nihat Kazımov, əməliyyat növbətçisinin böyük köməkçisi polkovnik-leytenant Oqtay Hacıyev, əməliyyat növbətçisinin köməkçisi, daxili xidmət kapitanı Rəşad Əliyev, Nəsimi rayonu Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət mayoru Arif Əliyev və rəis müavini daxili xidmət mayoru Natiq Şıxəliyev iştirak ediblər.

Tədbir zamanı yanğın təhlükəsizliyinin təmin edilməsi, fövqəladə vəziyyətlərdə ilkin addımlar, təxliyyə marşrutlarının düzgün müəyyənləşdirilməsi və kollektiv hərəkətin təşkili ilə bağlı mühüm məqamlar diqqətə çatdırılıb. Mütəxəssislər praktiki nümunələr əsasında yanğın zamanı risklərin azaldılması üçün görülməli tədbirlər barədə iştirakçılara ətraflı məlumat veriblər, mövzu ilə bağlı sualları cavablandırıblar.

Maarifləndirici görüş əməkdaşların fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi və təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.


Paylaş