Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan–Fransız Universitetinin (UFAZ) Fiziki kimya və kimya mühəndisliyi ixtisası üzrə magistr məzunları-Şəbnəm Feyziyeva və Elsun Əzizov Fransada keçirilən “Mature your PhD 2025” beynəlxalq müsabiqəsinin 7 qalibi arasında yer alıblar.
Hər iki qalib hazırda Azərbaycan Respublikasının dövlət proqramı çərçivəsində Fransanın Strasburq Universitetində doktorantura təhsili alır.
Müsabiqə qaliblərindən biri - Elsun Əzizov müsabiqə çərçivəsində “Pépite Etena” mükafatına layiq görülüb. Onun tədqiqat işi şəhər tullantılarının enerjinin dayanıqlı şəkildə saxlanmasını təmin edən karbon materiallarına çevrilməsi mövzusuna həsr olunub. Araşdırma Strasburq Universiteti nəzdində fəaliyyət göstərən Enerji, Ətraf Mühit və Sağlamlıq üçün Kimya və Proseslər İnstitutu (ICPEES) laboratoriyasında, CNRS Alsace ilə əməkdaşlıq çərçivəsində aparılır. Digər Qalib - Şəbnəm Feyziyevanın dissertasiya tədqiqatı karbon qazının (CO₂) udulması və əhəmiyyətli kimyəvi maddələrə çevrilməsi məqsədilə MOF ailəsinə mənsub yeni funksional məsaməli materialların sintezi və tətbiqi mövzusunu əhatə edir. Tədqiqat Strasburq Universiteti nəzdində fəaliyyət göstərən Enerji, Ətraf Mühit və Sağlamlıq üçün Kimya və Proseslər İnstitutu (ICPEES) və Kompleks maddələrin kimyası laboratoriyasında (CMC) aparılır. Eyni zamanda, “Mature your PhD 2025” müsabiqəsi çərçivəsində təqdim etdiyi layihə metanolun ekoloji cəhətdən təmiz “yaşıl yanacağa” çevrilməsinə həsr olunub və alternativ yanacaq növlərinin inkişafı, eləcə də karbon izinin azaldılması baxımından mühüm innovativ potensiala malikdir.
Qeyd edək ki, “Mature your PhD” proqramı SATT Conectus tərəfindən Fransanın Elzas bölgəsində yerləşən universitetlər və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Proqram 2-ci və 3-cü kurs doktorantlara və gənc tədqiqatçılara dissertasiya işlərində mövcud olan innovativ potensialın üzə çıxarılması və inkişaf etdirilməsini hədəfləyir. Proqram qaliblərə innovasiya mühiti ilə yaxından tanış olmaq, tədqiqat nəticələrinin praktik tətbiq imkanlarını dəyərləndirmək, eləcə də startap ekosistemi haqqında ilkin təcrübə qazanmaq imkanı yaradır.