Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı – NASCO XXVIII öz işini panel müzakirələr və bölmə iclasları ilə davam etdirir.
Konfrans çərçivəsində elmi ictimaiyyət üçün aktual mövzulara həsr olunmuş iki panel müzakirə keçirilib. ADNSU-nun Elm departamentinin direktoru Əli Əlizadənin moderatorluğu ilə keçirilən “Akademik Yusif Məmmədəliyevin ölməz irsi və müasir kimyanın perspektivləri” mövzusunda paneldə görkəmli alimin Azərbaycan elminin inkişafındakı rolu, onun elmi irsinin bu gün də aktuallığını qoruması və müasir kimya elminin gələcək istiqamətləri ətrafında geniş müzakirələr aparılıb.
Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən, dosent Elviz İsmayılovun moderatorluğu ilə baş tutan “Elm əsaslı innovasiya” mövzusunda panel müzakirəsində isə elmi tədqiqatların innovativ məhsullara çevrilməsi, universitet–sənaye əməkdaşlığının genişləndirilməsi və gənc tədqiqatçıların innovasiya prosesində fəal iştirakı kimi məsələlər diqqət mərkəzində olub.
NASCO XXVIII konfransı çərçivəsində plenar iclaslarla yanaşı, müxtəlif elmi istiqamətləri əhatə edən bölmə iclasları da keçirilib. Konfransın Təbiət elmləri bölməsinə Rauf Əliyarov sədrlik edib, bölmənin katibi Maya Abdullayeva olub. Mühəndislik bölməsində sədr vəzifəsini İbrahim Həbibov icra edib, katib kimi Elvira Hüseynova çıxış edib. Riyaziyyat və İKT bölməsinə Araz Əliyev sədrlik edib, bölmənin katibi Nigar İsmayılova olub. Sosial və humanitar elmlər bölməsində sədr Əyyub Kərimov, katib isə Aytəkin Məmmədova olub. İctimai elmlər bölməsində isə sədr Arif Ələkbərov, katib vəzifəsini isə Milyənət Urazayev yerinə yetirib.
Qeyd edək ki, iki gün davam edəcək konfrans çərçivəsində müxtəlif elmi istiqamətləri əhatə edən elmi məruzələr də təqdim olunacaq. Konfransın əsas məqsədi gənc tədqiqatçıların və doktorantların elmi fəaliyyətini stimullaşdırmaq, elmi fikir mübadiləsini genişləndirmək, eləcə də elmi ictimaiyyət üçün səmərəli əməkdaşlıq və təcrübə paylaşımı platforması yaratmaqdır.