×

Xəbərlər

Xəbərlər 22 Dec 2025
ADNSU-da “Azərbaycan üçün kemo-informatika: məlumatlılıqdan praktiki addımlara” mövzusunda seminar keçiriləcək

Dekabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Chemoinformatics for Azerbaijan – From Awareness to Action” (“Azərbaycan üçün kemo­informatika – maarifləndirmədən fəaliyyətə”) mövzusunda seminar təşkil olunacaq. Tədbir saat 16:00-da universitetin 250 nömrəli auditoriyasında baş tutacaq.

Seminarda Dr. Şamxal Baybekov kemoinformatikanın əsas anlayışlarını təqdim edəcək və bu sürətlə inkişaf edən elmi sahənin Azərbaycanda kimyəvi tədqiqatların keyfiyyətinin artırılmasına verdiyi töhfələrdən bəhs edəcək. Tədbirdə kimya sahəsində süni intellekt və verilənlər elminin tətbiq imkanları, eləcə də bu yanaşmaların elmi araşdırmalarda yaratdığı yeni perspektivlər müzakirə olunacaq.

Seminarın məqsədi kemoinformatika sahəsində maarifləndirməni artırmaq, bu istiqamətdə müasir yanaşmaları tanıtmaq və Azərbaycanın elmi-tədqiqat mühitində praktiki tətbiqlər üçün imkanları dəyərləndirməkdir.

Qeyd edək ki, Dr. Şamxal Baybekov bakalavr təhsilini Bakı Mühəndislik Universitetində kimya mühəndisliyi ixtisası üzrə almışdır. O, magistratura təhsilini Fransanın Strasburq Universitetində kompleks sistemlər kimyası üzrə tamamlamış, daha sonra kemoinformatika sahəsində doktorantura dərəcəsinə yiyələnmişdir. Hazırda Dr. Baybekov dərman kəşfi sahəsində süni intellekt əsaslı fəaliyyət göstərən Insilico Medicine şirkətində kemoinformatika üzrə verilənlər mütəxəssisi kimi çalışır. Onun elmi maraqları kimyəvi və bioloji məlumatların analizi, modelləşdirilməsi və süni intellekt metodlarının tətbiqini əhatə edir.

Seminar kimya, kimya mühəndisliyi, verilənlər elmi və süni intellekt sahələrinə maraq göstərən tələbə, tədqiqatçı və mütəxəssislər üçün nəzərdə tutulub.


Paylaş