ADNSU-nun MBA proqramı üzrə təhsil alan tələbələr ölkənin aparıcı maliyyə qurumlarından biri olan Kapital Bankda təşkil olunmuş praktiki təlimdə iştirak ediblər. Təlimin məqsədi tələbələrin nəzəri biliklərini real bankçılıq mühiti ilə əlaqələndirmək və onların praktiki bacarıqlarını inkişaf etdirmək olub.
Praktiki təlim Kapital Bankın Pərakəndə Bankçılıq üzrə direktoru Taylan Yedkin və Müştəri məmnuniyyəti şöbəsinin müdiri Məhəmməd Nağıyev tərəfindən aparılıb. Sessiya zamanı bank sektorunda gündəlik iş prosesləri, müştəri yönümlü yanaşmalar və peşəkar fəaliyyətin əsas prinsipləri barədə ətraflı məlumat verilib.
İnteraktiv formatda keçirilən təlim çərçivəsində tələbələr real iş nümunələri ilə tanış olub, suallar ünvanlayaraq müzakirələrdə fəal iştirak ediblər. Bu yanaşma iştirakçıların mövzuya marağını artırmaqla yanaşı, praktiki biliklərin daha effektiv mənimsənilməsinə şərait yaradıb.
Qeyd olunub ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində əldə olunan akademik biliklərin aparıcı maliyyə institutu olan Kapital Bankda qazanılan praktiki təcrübə ilə tamamlanması tələbələrin gələcək karyera imkanlarının genişlənməsinə mühüm töhfə verir.