Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft və qaz mühəndisliyi kafedrasının dosenti Dr. Qriqoriy Penkov “Kirməki və Kirməkidən öncəki qumdaşlarının su ilə doyma şəraitində geomekaniki xüsusiyyətlərinin lay tətbiqləri üçün eksperimental tədqiqi” adlı elmi tədqiqatını “SPE Annual Caspian Technical Conference and Exhibition” çərçivəsində təqdim edib.
Müəllif tədqiqat çərçivəsində Azərbaycanın Kirməki vadisində yerləşən qumdaşlarının fiziki və mexaniki xüsusiyyətləri kompleks eksperimental üsullarla araşdırılıb. Araşdırmanın əsas məqsədi bu laylarda maye ilə doyma səviyyəsinin geomekaniki davranışa təsirini qiymətləndirmək olub.
Laboratoriya şəraitində aparılan sınaqlara biroxlu sıxılma möhkəmliyi (UCS), Young modulu, P-dalğa sürəti ölçmələri (quru və su ilə doymuş vəziyyətdə), həmçinin kompüter tomoqrafiyası (CT) vasitəsilə daxili struktur və dənəvi yığılmanın analizi daxildir. Bundan əlavə, layların porozluq və keçiricilik xüsusiyyətləri də qiymətləndirilib.
Tədqiqat nəticələri göstərib ki, Kirməki layları daha aşağı porozluq və keçiriciliyə malik olsa da, mexaniki möhkəmlik və elastiklik modulları baxımından daha stabil struktura sahibdir.
Tədqiqat Patrick Baud, Sarvar Məmmədov, Günay Muradova, Gülgün Məmmədzadə və Fatma Ağayevanın birgə iştirakı ilə həyata keçirilib.
Qeyd edək ki, elmi məqalə SPE-230382-MS nömrəsi ilə OnePetro beynəlxalq elmi bazasında dərc olunub (25 noyabr 2025) və DOI vasitəsilə oxumaq mümkündür:
https://doi.org/10.2118/230382-MS