×

Xəbərlər

Xəbərlər 23 Dec 2025
ADNSU dosentinin məqaləsi Q2 kateqoriyalı, SCOPUS və Web of Science indeksli jurnalda dərc olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dosenti, iqtisad üzrə fəlsəfə doktoru Lətif Zeynallının həmmüəlliflərlə birgə qələmə aldığı “İqlim amillərinin kənd təsərrüfatının inkişafına təsiri: ARDL sərhəd testi yanaşması” adlı elmi məqalə Ukraynanın nüfuzlu “Agricultural and Resource Economics” jurnalında nəşr olunub.

Məqalədə Naxçıvan Muxtar Respublikasında iqlim amillərinin kənd təsərrüfatının inkişafına təsiri kompleks şəkildə araşdırılıb. Aparılmış tədqiqatın nəticələri göstərir ki, adaptiv iqlim siyasətlərinin tətbiqi, səmərəli su idarəetmə strategiyalarının formalaşdırılması və sərhədlərarası əməkdaşlığın gücləndirilməsi kənd təsərrüfatının davamlı inkişafına mühüm töhfə verə bilər.

Tədqiqatdan əldə olunan nəticələr arid bölgələrdə dayanıqlığın artırılması, eləcə də davamlı kənd təsərrüfatı təcrübələrinin təşviqi məqsədilə hazırlanacaq hədəf yönümlü və praktik tədbirlər üçün elmi əsaslandırılmış informasiya mənbəyi kimi istifadə oluna bilər.

Qeyd edək ki, sözügedən jurnal SCOPUS və Web of Science (WoS) beynəlxalq elmi bazalarında indeksləşir və Q2 kateqoriyasına daxildir. Jurnal il ərzində dünya ölkələrindən daxil olan məqalələr arasından yalnız 48 ən yüksək keyfiyyətli elmi işi dərc edir.

Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
 


Paylaş