Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana İnformasiya Mərkəzi “Ebsco Host” elektron məlumat bazası üzrə abunəliyi həyata keçirir. Məlumat axtarış bazasına 2026-ci ilin birinci yarımilliyi üçün abunəlik təmin olunub və hal-hazırda bazanın elektron resurslarına giriş imkanları mövcuddur. Məlumat axtarış bazasından və onların resurslarından Kitabxana İnformasiya Mərkəzinin qeydiyyatdan keçən bütün oxucu-istifadəçiləri və ADNSU-nun professor-müəllim heyəti istifadə etmək hüququna malikdirlər.
Qeyd edək ki, “Ebsco Host” elektron platformasının resurslarına Kitabxana İnformasiya Mərkəzi Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun xətti ilə qoşulub və universitet üzrə həmin bazanın elektron informasiya təminatçısı kimi fəaliyyət göstərir. Abunə müddətində 8516 resenziyalı olmaqla 11000 jurnalın; o cümlədən ictimai, humanitar, kompüter elmləri, mühəndislik (neft, qaz, geologiya və s.), fizika, kimya, riyaziyyat, nəqliyyat və s. kimi sahələr üzrə jurnalların yerləşdiyi verilənlər bazası, 2700-dən artıq kitab və broşur, 510 adda qəzet mənbələri, onların rəqəmsal arxivləri elektron formada ADNSU-nun oxucuları üçün açıqdır.
Ali məktəb kitabxanaları üçün onlayn istinad sistemi olan “Ebsco Host” akademik informasiya bazasına http://search.ebscohost.com linki vasitəsilə daxil olmaq mümkündür.
Elektron məlumat bazaları ilə əhatəli məlumat almaq istəyənlər Kitabxana İnformasiya Mərkəzinə,eləcədə library@asoiu.edu.az elektron ünvanına müraciət edib onları maraqlandıran suallara cavab ala bilərlər.