×

Xəbərlər

Xəbərlər 25 Dec 2025
ADNSU-da Elmi Şuranın 2025-ci il üçün son iclası keçirilib

Dekabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın 2025-ci il üçün son iclası keçirilib. İclasın gündəliyi şura üzvlərinə təqdim olunduqdan sonra təsdiq edilib.

Rektor Rüfət Əzizovun sədrliyi ilə keçirilən iclasda universitetdə təhsil və tədrisin mövcud vəziyyəti, elmi-tədqiqat istiqamətində görülən işlər, mövcud çatışmazlıqlar və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.

Gündəlikdəki birinci məsələ ilə bağlı tədris məsələləri üzrə prorektor, dosent Rza Məmmədov 2025/2026-cı tədris ilinin payız semestri imtahan sessiyasına hazırlığın vəziyyəti barədə məlumat verib. Çıxışda imtahanların təşkili, şəffaflığın təmin olunması və tədris prosesində keyfiyyətin qorunması istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Növbəti məsələ üzrə elm və innovasiya məsələləri üzrə prorektor, dosent Elviz İsmayılov elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin mövcud vəziyyəti barədə təqdimatla çıxış edib. Təqdimatda elmi fəaliyyətin səmərəliliyinin artırılması, nəşrlərin keyfiyyəti və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran hədəflər vurğulanıb.

Daha sonra ADNSU Kitabxana İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova kitabxanın fəaliyyəti və qarşıda duran vəzifələr haqqında məlumat verib. Çıxışda kitabxana resurslarının zənginləşdirilməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi və istifadəçilər üçün əlçatanlığın artırılması məsələlərinə toxunulub.

Gündəlikdə yer alan digər məsələlər çərçivəsində rektorun reytinqlər üzrə müşaviri, dosent Ülviyyə Abbasova ADNSU-nun beynəlxalq QS reytinqində iştirakı barədə təqdimatla çıxış edərək universitetin mövqeyinin gücləndirilməsi üçün görülən tədbirlər və strateji istiqamətlər barədə məlumat verib.

Tədris Departamentinin direktoru, t.e.n. Lətifə Məmmədova Tədris departamentinin əsasnaməsinin təsdiqlənməsi ilə bağlı məsələni təqdim edib. Ardınca Akkreditasiya və keyfiyyət təminatı şöbəsinin müdiri Gülnar Cəfərova müvafiq şöbənin əsasnaməsinin təsdiqlənməsi barədə məlumat verib.

Gündəlikdəki bütün məsələlər Elmi Şura üzvləri tərəfindən müzakirə olunaraq müvafiq qərarlarla təsdiqlənib.

İclasın sonunda rektor Rüfət Əzizov müzakirə olunan məsələlərlə bağlı təklif və iradlarını bildirib, qəbul edilən qərarların icrası ilə əlaqədar aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verib.


Paylaş