Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarına həsr olunmuş yerli və əcnəbi tələbələrin iştirakı ilə “Yeni il festivalı” təşkil olunub.
Festival Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizovun açılış nitqi ilə başlayıb. Rektor çıxışında ADNSU-da təhsil alan xarici ölkə vətəndaşı olan tələbələrin sayının hər zaman yüksək olduğunu bildirib və qeyd edib ki, bu təhsil ocağının məzunu olan yerli və əcnəbi tələbələr dünyanın müxtəlif ölkələrində neft sektorunun və sənayenin inkişafında xüsusi xidmətlər göstəriblər, doğma universitetlərini layiqincə təmsil ediblər. Rektor, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli birlik və həmrəyliyin rəmzi olduğunu vurğulayaraq Yeni ilin universitet kollektivinə yeni uğurlar və nailiyyətlər gətirməsini arzulayıb.
Daha sonra tədbirin bədii hissəsi başlayıb. “Aynaband” qrupunun ifası ilə davam edən proqramda ADNSU-da təhsil alan əcnəbi tələbələrin rəngarəng çıxışları festival iştirakçılarına təqdim olunub. Proqram çərçivəsində Zeybek rəqsi, “Möhtəşəm Yüz İl” serialından səhnəcik, Afrika və ərəb rəqsləri nümayiş etdirilib, həmçinin Süleyman Rüstəmin “Azərbaycana gəlsin” şeiri səsləndirilib.
Tədbirdə əməkdar artist Rəşad İlyasovun, eləcə də İlqar Sadıqov və Xəyyam Həsənovun iştirakı festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Festival bir-birindən şən musiqi nömrələri, istedadlı tələbələrin çıxışları və rəqs kompozisiyaları ilə davam edib.