×

Xəbərlər

Xəbərlər 26 Dec 2025
ADNSU-nun tədqiqatçılarının birgə məqaləsi Q1 kateqoriyalı nüfuzlu beynəlxalq jurnalda dərc olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) müəllimlərinin birgə apardığı elmi tədqiqat Q1 kateqoriyalı, Elsevier nəşri olan “Journal of Alloys and Compounds” jurnalında dərc edilib. Məqalənin müəllifləri arasında ADNSU-nun tədqiqatçı müəllimləri Dünya Babanlı və Elnur Oruclu, həmçinin universitetinin Neft-mexanika fakültəsinin dekanı Əlihikmət Əhmədov yer almaqdadır. 

“SnTe–Bi₂Te₃–Te sistemi: SnTe ilə zəngin üçlü fazaların faza tarazlıqları və termodinamik xassələri” adlı məqalə SnTe-əsaslı çoxkomponentli metal xalkogenidlərin faza tarazlıqları və standart termodinamik xassələrinin öyrənilməsinə həsr olunub. Tədqiqat çərçivəsində SnTe–Bi₂Te₃–Te sisteminin 300 K temperaturda tam izotermik kəsiyi, maye faza səthinin proyeksiyası və bir sıra politermik kəsiklər qurulub.

Araşdırmada diferensial termal analiz (DTA), rentgen difraksiyası (XRD) və skanedici elektron mikroskopiyası (SEM) metodlarından istifadə olunub. Elektromotor qüvvə (EMF) metodu əsasında Sn₂Bi₂Te₅, Sn₃Bi₂Te₆ birləşmələrinin və SnTe-əsaslı bərk məhlulların standart termodinamik funksiyaları müəyyən edilib. Əldə olunan nəticələr termolelektrik və topoloji tətbiqlər üçün perspektivli olan laylı tellurid materiallarının dizaynı və anlaşılması baxımından mühüm elmi əhəmiyyət daşıyır.

Qeyd edək ki, tədqiqat beynəlxalq elmi əməkdaşlıq çərçivəsində materialların sintezi, struktur xarakteristikası və xassələrinin kompleks analizi sahəsində bilik və təcrübələrin birləşdirilməsi nəticəsində ərsəyə gəlib.

Məqalə ilə tanış olmaq üçün: https://doi.org/10.1016/j.jallcom.2025.185754


Paylaş