Dekabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) professor, texnika elmləri namizədi Razim Zeynalovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Yubiley tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca professorun həyat və yaradıcılığına həsr olunmuş video çarx nümayiş olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov professor Razim Zeynalovun elm və təhsil sahəsindəki çoxillik fəaliyyətindən, universitetə və bütövlükdə ölkə elminə verdiyi töhfələrdən danışıb. Yubilyarı anadan olmasının 85 və əmək fəaliyyətinin 65 illiyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı və uğurlar arzulayıb.
Yubilyar Razim Zeynalov çıxış edərək göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, universitetlə bağlı xatirələruni bölüşərək elmə və təhsilə verilən dəyərin onun üçün hər zaman əsas prinsip olduğunu vurğulayıb.
Tədbirdə həmçinin akademik Əli Abbasov, akademik Rasim Əliquliyev, Azərbaycan Respublikası Prezident Administrasiyasının nümayəndəsi Elmir Vəlizadə, Millət vəkili Tahir Mirkişili, Razim Zeynalovun oğlu, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, eləcə də ADNSU-nun professoru Çingiz Abdullayev və İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin decani, dosent Fərid Ağayev çıxış edərək Razim Zeynalovun elmi və pedaqoji fəaliyyəti, gənclərin maariflənməsindəki xidmətləri və ictimai rolundan bəhs ediblər, yubilyarın zəngin həyat yolunu, elmi-pedaqoji və ictimai fəaliyyətini yüksək qiymətləndirib. Professor Razim Zeynalovu yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı və uğurlar arzulayıblar.