Oktyabrın 24-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kimya mühəndisliyi” üzrə bakalavr məzunu İsmayıl Səfərli Dövlət Proqramı çərçivəsində “Hidrogen yanacaq elementləri üçün membranlarda elektrospinlə hazırlanmış möhkəmləndiricilərin morfoloji nəzarəti” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.
Tədqiqat işi Strasburq Universitetinin (UNISTRA) nəzdində fəaliyyət göstərən Enerji, Ətraf Mühit və Sağlamlıq üçün Kimya və Proseslər İnstitutu (ICPEES) ilə “Michelin” şirkəti arasında həyata keçirilən CIFRE sənaye-akademik əməkdaşlığı çərçivəsində aparılıb. Bu əməkdaşlıq İsmayıl Səfərliyə həm fundamental elmi biliklər, həm də sənaye yönümlü tədqiqat təcrübəsi qazanmaq imkanı yaradıb.
Doktorantura dövründə o, elektrospin texnologiyası, məhlul tökmə (solution casting) və polimerlərin mexaniki xarakterizasiyası sahələrində praktik bacarıqlar əldə edib. Eyni zamanda, tədqiqat prosesində “Python” proqramlaşdırma biliklərini də inkişaf etdirib. İsmayıl Səfərli tədqiqat işinin bir hissəsini “HiFunMat” yay məktəblərində və “Electrospin2024” beynəlxalq konfransında təqdim edib.
UFAZ-ın “Kimya mühəndisliyi” üzrə bakalavr proqramını bitirdikdən sonra İsmayıl Səfərli təhsilini Strasburq Universitetində (UNISTRA) davam etdirərək “Polimer mühəndisliyi” üzrə magistr, daha sonra isə “Materialların fiziki-kimyası” ixtisası üzrə doktorantura təhsili alıb. O, həmçinin CNRS-də təcrübəçi kimi çalışaraq elmi-tədqiqat təcrübəsini daha da genişləndirib. mBundan sonrakı mərhələdə İsmayıl Səfərli sənaye yönümlü tədqiqat, inkişaf və innovasiya sahələrində fəaliyyət göstərməyi planlaşdırır.
Bu elmi nailiyyətinə görə Dr. İsmayıl Səfərlini təbrik edir, elmi fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayırıq.