×

Xəbərlər

Xəbərlər 14 Jan 2026
ADNSU tələbələri ixtisas üzrə nəzəri biliklərini istehsalat müəssisəsində möhkəmləndirirlər

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və ATS Food MMC arasında əməkdaşlıq çərçivəsində tələbələrin sənaye mühitində tədrisinin təşkili üzrə yeni mərhələ həyata keçirilir. Bu təşəbbüs tələbələrin ixtisas üzrə nəzəri biliklərini birbaşa real istehsal mühitində mənimsəməsinə, eyni zamanda sənaye tələblərinə uyğun bilik və bacarıqlar əldə etməsinə imkan yaradır.
Layihə çərçivəsində ADNSU-nun “Qida mühəndisliyi” ixtisasında təhsil alan 12 tələbənin ixtisas üzrə tədris olunan fənlərdən birinin bütün dərs prosesi ATS Food MMC-nin istehsal bazasında təşkil olunub. Dərslər semestr ərzində mütəmadi olaraq həftənin dördüncü günü müəssisə şəraitində keçirilir və “Sənaye əlaqəli mühəndislik təlimləri” (Industry-Connected Engineering Trainings – iCET) proqramı çərçivəsində təşkil olunur.
Tədris prosesi zamanı tələbələr nəzəri bilikləri real istehsal prosesləri ilə əlaqələndirir, sənaye mühitində işləmə prinsiplərini öyrənir və ixtisas üzrə peşəkar bacarıqlarını inkişaf etdirirlər. Dərslər ATS Food MMC-nin istehsal və keyfiyyətə nəzarət strukturuna daxil olan Sağlam qida laboratoriyası, Dərman laboratoriyası, BİSMAK laboratoriyası və Mikrobioloji laboratoriyada aparılır.
Pilot xarakter daşıyan bu təşəbbüs universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, tədrisin əmək bazarının tələblərinə uyğunlaşdırılması və tələbələrin praktiki yönümlü biliklərlə təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
ADNSU və ATS Food MMC gələcəkdə də bu kimi əməkdaşlıqlar vasitəsilə tələbələrin peşəkar hazırlığının artırılmasını, onların real sənaye mühitində formalaşmış bilik və bacarıqlarla əmək bazarına daxil olmalarını dəstəkləməyi hədəfləyir. Bu əməkdaşlıq gənc mütəxəssislərin gələcək karyeralarına uğurlu başlanğıc etmələrinə töhfə verəcək.


Paylaş