Yanvarın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SABAH Qrupları layihəsi tərəfindən yeni tədris semestrinin başlanğıcı ərəfəsində müəllim və təhsil işçilərinin peşəkar inkişafını dəstəkləmək məqsədilə seminar təşkil olunub.
“Birləşmiş Krallıq universitetlərində süni zəka tətbiqləri” mövzusunda keçirilən seminar Böyük Britaniyanın aparıcı ali təhsil müəssisələrində süni intellekt texnologiyalarının tədris və elmi-tədqiqat proseslərində istifadəsinə həsr edilib. 11 Ali təhsil müəssisəsinin nümayəndələrinin iştirak etdiyi seminar çərçivəsində süni zəkanın tətbiqi zamanı qarşıya çıxan çağırışlar, mövcud praktiki nümunələr və gələcək inkişaf istiqamətləri müzakirə olunub.
Seminarın qonağı və əsas məruzəçisi Çankaya Universitetinin prorektoru, professor Buket Akkoyunlu olub. O, Böyük Britaniya universitetlərində süni intellekt əsaslı tədris yanaşmaları ilə bağlı apardığı araşdırmaları, eləcə də real tətbiq nümunələrini iştirakçılarla bölüşüb. Məruzədən sonra interaktiv müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və praktiki tövsiyələr təqdim olunub.
Tədbirdə iştirak edən müəllimlər və təhsil mütəxəssisləri beynəlxalq təcrübə ilə tanış olmaq, süni intellekt əsaslı tədris alətləri haqqında biliklərini genişləndirmək və bu yanaşmaların Azərbaycan təhsil sistemində tətbiqi ilə bağlı yeni ideyalar əldə etmək imkanı qazanıblar.
Qeyd edək ki, SABAH Qrupları layihəsi Azərbaycan təhsilində innovativ yanaşmaların təşviqini, müəllimlərin qlobal trendlərlə inteqrasiyasını və süni intellekt əsaslı təhsil modellərinin inkişafını prioritet istiqamətlər kimi müəyyənləşdirib. Keçirilən seminar bu məqsədlərin reallaşdırılmasına xidmət edən təşəbbüslərdən biri kimi qiymətləndirilir.