×

Xəbərlər

Xəbərlər 23 Jan 2026
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Kimyəvi qraf nəzəriyyəsinin topoloji indeksləri” mövzusunda seminar təşkil olunacaq

27 yanvar 2026-cı il tarixində, saat 16:00-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 250 nömrəli auditoriyasında “Kimyəvi qraf nəzəriyyəsinin topoloji indeksləri” mövzusunda seminar keçiriləcək. Kimyəvi qraf nəzəriyyəsi kimyəvi hadisələri və obyektləri anlamaq üçün qraf nəzəriyyəsi metodlarından istifadə edir. Bu nəzəriyyədə molekulyar strukturlar qraflarla ifadə olunur və topoloji indekslər adlanan qraf xüsusiyyətləri müəyyən edilir. Topoloji indekslər qeyri-empirik "kəmiyyət struktur-xassə əlaqələri" (QSPR) və "kəmiyyət struktur-aktivlik əlaqələri"ndə (QSAR) istifadə olunur. Onlar farmakologiya, toksikologiya və dərman vasitələrinin dizaynında intensiv şəkildə tətbiq edilir. Məruzəçi çıxışında bu topoloji indekslərin bəziləri haqqında danışacaq.

Tədbir bakalavr və magistr tələbələri, akademik heyət və sənaye nümayəndələri üçün nəzərdə tutulub.

Seminarın məruzəçisi Avstriyanın Qrats Texniki Universitetində (TU Graz) riyaziyyat üzrə təhsil alıb və Vyana Universitetində doktorluq (PhD) dərəcəsinə yiyələnib. O, Maks Plank İnstitutunun Təbiət Elmlərində Riyaziyyat bölməsində (Leypsiq), Belçikanın Luven Katolik Universitetində (Université Catholique de Louvain) və Vyana İqtisadiyyat və Biznes Universitetində (WU Vienna) doktorantura sonrası tədqiqatçı (postdoc) kimi fəaliyyət göstərib. Daha sonra Türkiyənin İşık Universiteti və İzmir Yüksək Texnologiya İnstitutunda dosent vəzifəsində çalışıb. Hazırda o, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Riyazi Tədqiqatlar Mərkəzində çalışır.


Paylaş