×

Xəbərlər

Xəbərlər 27 Jan 2026
ADNSU-da kimyəvi qraf nəzəriyyəsinə həsr olunmuş seminar keçirilib

Yanvarın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Kimyəvi qraf nəzəriyyəsinin topoloji indeksləri” mövzusunda elmi seminar keçirilib.

Seminar bakalavr və magistr tələbələri, akademik heyətin iştirak etdiyi seminar riyaziyyatçı alim Türker Bıyıqoğlu tərəfindən keçirilib. Seminar zamanı kimyəvi qraf nəzəriyyəsinin əsas anlayışları, bu sahədə istifadə olunan topoloji indekslər və onların tətbiq imkanları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, kimyəvi qraf nəzəriyyəsi kimyəvi hadisə və obyektlərin öyrənilməsində qraf nəzəriyyəsi metodlarından istifadə edir. Bu nəzəriyyədə molekulyar strukturlar qraflar vasitəsilə ifadə olunur və topoloji indekslər müəyyən edilir. Sözügedən indekslər qeyri-empirik “kəmiyyət struktur–xassə əlaqələri” (QSPR) və “kəmiyyət struktur–aktivlik əlaqələri” (QSAR) tədqiqatlarında geniş şəkildə tətbiq olunur. Bu yanaşmalar farmakologiya, toksikologiya və dərman vasitələrinin dizaynında mühüm əhəmiyyət daşıyır.

Məruzəçi çıxışında kimyəvi qraf nəzəriyyəsində istifadə olunan topoloji indekslərin bir qismi barədə məlumat verib, onların praktik tətbiqlərindən bəhs edib.

Qeyd edək ki, seminarın məruzəçisi Türker Bıyıqoğlu Avstriyanın Qrats Texniki Universitetində (TU Graz) riyaziyyat üzrə təhsil alıb və Vyana Universitetində doktorluq (PhD) dərəcəsinə yiyələnib. O, Maks Plank İnstitutunun Təbiət Elmlərində Riyaziyyat bölməsində (Leypsiq), Belçikanın Luvan Katolik Universitetində və Vyana İqtisadiyyat və Biznes Universitetində doktorantura sonrası tədqiqatçı kimi fəaliyyət göstərib. Daha sonra Türkiyənin İşık Universiteti və İzmir Yüksək Texnologiya İnstitutunda dosent vəzifəsində çalışıb. Hazırda isə ADNSU-nun nəzdində fəaliyyət göstərən Riyazi Tədqiqatlar Mərkəzində elmi fəaliyyətini davam etdirir.


Paylaş