×

Xəbərlər

Xəbərlər 28 Jan 2026
ADNSU-da Elmi Şuranın 2026-cı il üçün ilk iclası keçirilib

Yanvarın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın 2026-cı il üçün ilk iclası keçirilib. İclasın gündəliyi şura üzvlərinə təqdim edildikdən sonra təsdiq olunub.

İclasdan öncə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov Elmi Şuranın üzvləri - professor Lətafət Qardaşova, professor Sakit Rəsulov və professor Qəzənfər Süleymanovu yubiley yaşları münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra rektor dosent Tamilla Naibovaya ADNSU-nun “Əməkdar professoru” diplomunu təqdim edərək onu Elmi Şura üzvləri adından təbrik edib.

İclas öz işini gündəlik məsələlərin müzakirəsi ilə davam etdirib. Gündəlikdə yer alan ilk məsələ 2025-ci il üzrə elmi-tədqiqat işlərinin hesabatı olub. Mövzu ilə bağlı məruzə ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elviz İsmayılov tərəfindən təqdim edilib.

Daha sonra Elmi Şurada bir sıra vacib mövzular müzakirə olunub. Belə ki, tədris məsələləri üzrə prorektor, dosent Rza Məmmədov 2025–2026-cı tədris ilində akademik borcu olan buraxılış kursu tələbələrinin fənni yenidən dinləmədən təkrar imtahanlara qeydiyyatı zamanı fənnin tədris olunduğu semestrin nəzərə alınmaması ilə bağlı məsələ barədə məlumat verib. İclasda, həmçinin professor elmi adı verilməsi üçün AAK-a sənədləri göndəriləcək iddiaçı - “Neftin və qazın nəqli və saxlanılması” kafedrasının professoru Qurbanov Əbdülağa Nəbi oğlu haqqında Elmi katib İnqlab Əliyev tərəfindən məlumat təqdim olunub. Elm və innovasiya məsələləri üzrə prorektor, dosent Elviz İsmayılov diferensial əməkhaqqı sisteminin yenilənməsi və Süni intellekt institutunun yaradılması ilə bağlı məsələlərə dair məruzə ilə çıxış edib. Gündəliyə uyğun olaraq, UFAZ-ın elmi fəaliyyət planının təsdiqi barədə Kimya elmləri doktoru Dünya Babanlı məruzə ilə çıxış edib.

Gündəlikdə yer alan hər bir məsələ şura üzvləri tərəfindən müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul edilib. Rektor Rüfət Əzizov müzakirə olunan məsələlər, universitetdə tədris və təhsilin keyfiyyətinin, eləcə də elmi nailiyyətlərin yüksəldilməsi ilə bağlı təklif və iradlarını bildirib, konkret tapşırıqlar verib.


Paylaş