Yanvarın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Azərbaycanda su ehtiyatlarının idarə olunmasında strateji yanaşmalar” adlı panel müzakirəsi keçirilib. Tədbir ölkənin su ehtiyatları sahəsində dayanıqlı həllərin müzakirəsi üçün aparıcı akademik, mütəxəssis və dövlət rəsmilərini bir araya gətirib.
Tədbir UFAZ-ın baş katibi Martin Qodonun açılış nitqi ilə başlayıb. Daha sonra UFAZ-ın “Su ehtiyatlarının idarəedilməsi” magistr proqramının rəhbəri, Dr. Damien Lemarşan və Azərbaycan Respublikası Milli Məclisinin üzvü xanım Nigar Arpadarai çıxış ediblər.
Açılış hissəsinin ardınca Dr. Damien Lemarşanın moderatorluğu ilə panel müzakirəsinə start verilib. Paneldə Azərbaycan Respublikası Milli Məclisinin üzvü xanım Nigar Arpadarai, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru dosent Rüfət Əzizov, UFAZ Koordinatoru professor Jan-Mark Planeks və Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun sədr müavini Rəşail İsmayılov iştirak ediblər. Çıxışçılar iqlim dəyişikliyinin təsirləri, suyun idarə edilməsində dayanıqlı yanaşmalar, strateji planlaşdırma, rəqəmsal həllər, regional əməkdaşlıq və ictimai maarifləndirmə mövzularında fikirlərini bölüşüblər.
Panel müzakirəsi və interaktiv sual-cavab sessiyasında akademik heyət, tələbələr və digər iştirakçılar çıxışçılarla birbaşa ünsiyyət quraraq Azərbaycanda su ehtiyatlarının idarə olunmasının strateji prioritetlərini müzakirə ediblər.
Müzakirə zamanı UFAZ-ın ətraf mühitin qorunması və su ehtiyatlarının idarə olunması təşəbbüslərinə sadiqliyi vurğulanıb. Qeyd olunub ki, universitetin “Yer elmləri və ətraf mühit üzrə tədqiqat qrupu”nun fəaliyyəti, həmçinin “Su ehtiyatlarının idarəedilməsi” üzrə magistr ixtisası su qıtlığı, yeraltı su ehtiyatları, iqlim dəyişikliyinin təsirləri və dayanıqlı inkişaf kimi kritik məsələlərin tədqiqi və həllinə yönəlib. Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq proqramı, tələbələr üçün ayrılan təqaüdlər və həm tədris, həm də öyrənmə prosesində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Bundan əlavə, yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üzrə Dövlət Proqramına həsr olunmuş müşavirədə ötürülən əsas mesajlar, eyni zamanda qəbul olunmuş Dövlət Proqramının əsas çağırışları ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbir Dr. Damien Lemarşanın müzakirənin yekunlarına dair bağlanış nitqi ilə başa çatıb.