Yanvarın 3-19-da Azərbaycan-Fransız Universitetinin (UFAZ) Geofizika üzrə bakalavr proqramının koordinatoru Arzu Əliyeva Fransanın Strasburq şəhərində yerləşən Strasburq Yer və Ətraf Mühit İnstitutunun (Institut Terre et Environnement de Strasbourg) laboratoriyalarına elmi-tədqiqat səfəri edib. O, səfər çərçivəsində qabaqcıl analitik metodlar vasitəsilə Azərbaycanın palçıq vulkanlarından toplanmış nümunələr üzərində tədqiqat aparıb. Araşdırma zamanı Arzu Əliyeva bor izotoplarının (B) tərkibini çoxkollektorlu induktiv cütləşmiş plazma kütlə spektrometriyası (MC-ICP-MS) üsulu ilə analiz edib. Bu analizlər palçıq vulkanları ilə əlaqəli mayelərin mənşəyini və geokimyəvi xüsusiyyətlərini müəyyənləşdirməyə, eləcə də püskürmə şəraitlərindəki fərqləri araşdırmağa imkan verib. Tədqiqatın əsas məqsədi palçıq vulkanlarında baş verən prosesləri və onların dinamikasını daha dərindən anlamaqdır. Alınan nəticələr palçıq vulkanlarının fəaliyyət mexanizmləri, dərin geoloji proseslər və flüidlərin hərəkət yolları barədə elmi biliklərin genişləndirilməsinə töhfə verir. Qeyd edək ki, Arzu Əliyeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) doktorantura təhsili alır. Strasburqdakı bu elmi səfər zamanı əldə olunan nəticələr onun doktorluq dissertasiyasının mühüm bir hissəsini təşkil edir.