Fevralın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə dünya şöhrətli alim, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadəyə həsr olunmuş “Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, süni zəka araşdırmaçısı Lütfi Zadə” adlı dəyirmi masa və kitab sərgisi keçirilib. Tədbirdə Lütfi Zadənin elmi irsi və onun tədqiqatlarının əhəmiyyəti geniş müzakirə olunub.
Açılış nitqi ilə çıxış edən Kitabxana İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova iştirakçıları salamlayaraq Lütfi Zadənin elmi irsinin gənc nəslə tanıdılmasının vacibliyini vurğulayıb, dəyirmi masanın mövzusu və əhəmiyyəti barədə iştirakçılara məlumat verib.
Dəyirmi masada ilk çıxışı edən Rektorun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova Lütfi Zadənin qeyri-səlis məntiq sahəsində apardığı fundamental tədqiqatlardan bəhs edib və dünya şöhrətli azərbaycanlı alimin nəzəriyyələrinin süni intellekt və çoxluq nəzəriyyəsi sahələrinə gətirdiyi yenilikləri diqqətə çatdırıb. O, belə tədbirlərin elmin inkişafı və Lütfi Zadə irsinin öyrənilməsi və təqiq edilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Daha sonra ADNSU-nun tədqiqatçı müəllimi, professor Lətafət Qardaşova çıxış edərək Lütfi-Zadənin əsərlərinin dünya miqyasında elmi ictimaiyyət tərəfindən necə qiymətləndirildiyini, qeyri-səlis məntiqin müasir texnologiyalar və süni zəka tətbiqlərində əvəzolunmaz rolunu ətraflı şərh edib. Professor alimin yaradıcılığının yalnız nəzəri deyil, həm də praktik əhəmiyyətini vurğulayaraq onun elmin müxtəlif sahələrində tədqiqatçılar üçün əsas istinad mənbəyi olduğunu bildirib. O, alimin nəzəri irsinin gənc tədqiqatçılar tərəfindən davam etdirilməsinin vacibliyini və universitetdə aparılan tədqiqatların əhəmiyyətini yüksək qiymətləndirib.
Dəyirmi masada həmçinin ADNSU-nun İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı, dosent Fərid Ağayev, Elektronika və avtomatika kafedrasının müdiri, dosent Akif Əlizadə, professor Səlahəddin Yusifov və BA proqramlarının direktor müavini Nigar Adilova çıxış edərək Lütfi Zadənin elmi yaradıcılığının müasir tədqiqat sahələrində tətbiqlərini və universitetdə bu irsin davam etdirilməsindən danışıblar. Onlar alimin əsərlərinin dünya elminə gətirdiyi yenilikləri vurğulayıb, gənc alimlər üçün istinad yeri olduğunu qeyd ediblər.
Tədbir çərçivəsində həmçinin dünya şöhrətli alimin həyat və elmi fəaliyyətini əks etdirən materiallar, fotolar, müəllifi olduğu kitablar, eləcə də haqqında yazılmış kitab və məqalələrdən ibarət sərgi təşkil olunub. Dəyirmi masa başa çatdıqdan sonra iştirakçılar sərgini ziyarət ediblər.