Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əcnəbi tələbələrdən ibarət nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rəsmi dəvəti əsasında 5–6 fevral tarixlərində Gəncə şəhərinə səfər edib.
Səfərdə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində ADNSU-da təhsil alan, 20 ölkəni təmsil edən 20 nəfər əcnəbi tələbə iştirak edib. Proqramın ilk mərhələsində nümayəndə heyəti Gəncə Memorial Kompleksini ziyarət edərək Azərbaycanın tarixi, milli-mənəvi dəyərləri və dövlətçilik ənənələri ilə yaxından tanış olublar.
Sonra səfər Azərbaycan Dövlət Aqrar Universitetində davam edib. Əcnəbi tələbələr universitetin infrastrukturu, tədris mühiti və elmi-tədqiqat imkanları ilə tanış olub, kampus turunda iştirak ediblər.
Səfər çərçivəsində ADNSU-nun Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyi ilə görüş keçirib. Görüşdə əcnəbi tələbələrin region universitetləri ilə tanışlığının əhəmiyyəti, onların akademik və sosial inteqrasiyası, eləcə də ali təhsil müəssisələri arasında beynəlxalqlaşma istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Səfər müddətində nümayəndə heyəti ADAU-nun rektoru Zəfər Qurbanov ilə görüş keçirib. Görüş zamanı rektor əcnəbi tələbələrin Azərbaycanda təhsil və tələbə həyatı ilə bağlı təəssüratlarını dinləyib. Tələbələr öz növbəsində ölkəmizdə yaradılan təhsil imkanları ilə bağlı müsbət fikirlərini bölüşüblər.
Görüş çərçivəsində, həmçinin ADNSU və ADAU arasında yeni birgə layihələr, akademik təşəbbüslər və beynəlxalq tələbələrə yönəlik əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu səfər ADNSU-nun beynəlxalqlaşma strategiyası çərçivəsində həyata keçirilən fəaliyyətlərdən biridir və iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın möhkəmləndirilməsinə, eləcə də əcnəbi tələbələrin Azərbaycanın regionlarında yerləşən universitetlərlə yaxından tanış olması məqsədi daşıyır.